Madrid şəhərində “20 yanvar” faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir
Madrid şəhərində Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin dəstəyi və İspaniyada yaşayan Azərbaycan icmasının təşkilatçılığı ilə “20 yanvar” faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə İspaniya ictimaiyyətinin nümayəndələri və bu ölkədə yaşayan soydaşlarımız istirak etmişlər.
Tədbirin əvvəlində “20 yanvar” şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycan icmasının nümayəndəsi Cəlal Erken tədbirdə çıxış edərək qeyd etmişdir ki, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün simvoluna çevrilmiş “20 yanvar” hadisəsi - ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlığından və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçə və meydanlarına çıxaraq buna qəti etirazını bildirən xalq kütlələrinə qarşı sovet hərbi qoşununun yeridilməsi Azərbaycanda misli görünməyən faciəyə səbəb olmuşdur. Xüsusi olaraq vurğulanmışdır ki, 20 yanvar faciəsindən dərhal sonra Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımızın kədərini bölüşməsi və Sovet rejimin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi ağrılı-acılı dövrdə xalqımıza dayaq və təsəlli olmuşdur. Məhz Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş və cinayəti törədənlərin adları ictimaiyyətə açıqlanmışdır.
Daha sonra “20 yanvar 1990-cu il. Bakıda dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi” adlı sənədli film və “20 yanvar” faciəsinə həsr olunmuş fotosərgi nümayiş etdirilmişdir. Sənədli film və fotosərgi İspaniya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmış, onlara faciə barədə barədə ətraflı məlumat verilmişdir.