2019-04-18

“Don Kixotun bəşəriyyət tərəfindən oxunulması” adlı beynəlxalq tədbirdə “Don Kixot” əsərindən bir hissə Azərbaycan dilində oxunulub

Dahi ispan yazıçısı Migel de Servantesin vəfatının ildönümü ilə əlaqədar tanınmış ədibin yaşayıb-yaratdığı La Mança bölgəsinin Eskivias qəsəbəsində sayca XII “Don Kixotun bəşəriyyət tərəfindən oxunulması” adlı beynəlxalq tədbir baş tutmuşdur.

Tədbirdə ictimaiyyət nümayəndələri, İspaniyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və yerli sakinlər iştirak edib.

Servantes irsinin qorunub saxlanılmasına, “Don Kixot” əsərinin beynəlxalq miqyasda təşviq edilməsinə xidmət edən tədbirdə Eskivias bələdiyyəsinin meri Milaqros del Barrio Peres Qrueso çıxış edərək, bu ədəbi əsərin əksər ölkələrin dillərinə tərcümə olunmasının gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini qeyd edib. Qeyd olunub ki, hazırda qəsəbədə yaradılmış Servantes muzeyində “Don Kixot” əsərinin bir çox dillərdə, o cümlədən Azərbaycan dilində nəşri saxlanılır.

Tədbirdə iştirak edən diplomatik korpusun rəhbərləri “Don Kixot” romanından bir parçanı ana dillərində oxuyub. Əsərin Azərbaycan dilində olan bir hissəsi ölkəmizin İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov tərəfindən təqdim edilib, xatirə kitabına ürək sözləri yazılıb.

Daha sonra tədbir iştirakçılarına “Don Kixot” əsərindən səhnələşdirilmiş tamaşasının nümunələri təqdim edilib.

Sonda iştirakçılar Migel de Servantesin Eskiviasdakı ev muzeyi ilə tanış olublar.

 

 

Arxiv üzrə axtarış