2019-05-29

Ümumdünya Turizm Təşkilatının (DTT) Avropa Komissiyasının 64-cü sessiyası öz işinə başlayıb

Xorvatiyanın Zaqreb şəhərində Ümumdünya Turizm Təşkilatının (DTT) Avropa Komissiyasının 64-cü sessiyası öz işinə başlayıb

Tədbirin açılış mərasimində ÜTurT-nin baş katibi Zurab Pololikaşvili, Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç və Zaqreb şəhərinin meri Milan Bandiç çıxış edərək qonaqları salamlayıblar.

Bir sıra üzv dövlətlərin nazirlərinin, ÜTurT-nin Avropa Komissiyasına üzv ölkələrinin, yerli hökumət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ölkəmizi Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Sessiya zamanı gündəlikdə duran bir sıra vacib məsələlərlə yanaşı, ölkəmizin 2019-2021-ci illər üzrə ÜTurT-nin Assosiativ Üzvlüklə bağlı Müraciətlərə Baxılması üzrə Komitəsinin üzvlüyünə seçilməsi ilə bağlı yekdilliklə qərar qəbul olunub.

Azərbaycan nümayəndə heyətinin rəhbəri səfir Anar Məhərrəmov tədbirdə çıxış edərək göstərilən dəstəyə və etimada görə ÜTurT-nin Avropa Komissiyasının üzvlərinə təşəkkürünü bildirib, təşkilatın baş katibi Zurab Pololikaşvilini və tədbirə ev sahibliyi edən Xorvatiya tərəfini sessiyanın uğurla keçməsi münasibətilə təbrik edib.

Səfir Anar Məhərrəmov ÜTurT-nin İcraiyyə Şurasının növbəti - 110-cu sessiyasının cari ilin iyun ayında Bakıda keçiriləcəyini xatırladaraq, bu münasibətlə bütün üzv dövlətləri ölkəmizə dəvət edib.

Sessiya gündəliyə uyğun olaraq işini davam etdirir.

 

 

 

Arxiv üzrə axtarış