2019-05-24

Madrid şəhərində “28 May –Respublika Günü” və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş təntənəli qəbul mərasimi keçirilib

 

Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyi tərəfindən Madrid şəhərində “28 May – Respublika Günü” və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş təntənəli qəbul mərasimi keçirilib.

Mərasimdə İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin, ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak edib. İspaniyada səfərdə olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da tədbirə qatılıb.

Təntənəli mərasimdə əvvəlcə İspaniyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov 1918-ci il 28 may tarixində müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 aylıq dövrdə digər sahələrdə olduğu kimi, diplomatiya sahəsində də bir sıra mühüm nailiyyətlərin əldə edildiyini, 1920-ci il Paris Sülh Konfransında Azərbaycanın de-fakto tanınmasına nail olunduğunu qeyd edib.

Qeyd olunub ki, Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərkən Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrinə sadiq qalmış, özünü Cümhuriyyətin siyasi və mənəvi varisi elan etmişdir. Müstəqilliyin ilk illərində ölkəmiz daxili və xarici siyasətdə ağır vəziyyətlə üzləşmiş, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin nəticəsi kimi Azərbaycan Respublikası ərazisinin 20%-i – Dağlıq Qarabağ regionu və ətraf yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilmişdir.

Xüsusi olaraq vurğulanıb ki, ölkənin bu ağır dövründə Azərbaycan xalqının təkidi ilə Heydər Əliyev 1993-cü ilin iyun ayının 15-də yenidən hakimiyyətə qayıtmış, ulu öndərin müdrik və uzaqgörən siyasəti, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti sayəsində ölkədə qısa müddət ərzində sabitlik və tərəqqiyə nail olunaraq, 1994-cü ildə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs əldə edilmişdir. Heydər Əliyevin Prezidentliyi dövründə (1993-2003) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq təşkilatların gündəliyinə daxil edilmiş, bunun məntiqi nəticəsi olaraq, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi 4 qətnamədə (822, 853, 874, 884) Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını qınamış, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edilməsinin vacibliyini bir daha təsdiq etmiş və işğal edilmiş ərazilərdən Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir.

Çıxışda diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilən xarici siyasət kursu ölkəni beynəlxalq münasibətlər müstəvisində yeni mərhələyə çıxarmış, məhz bu kursu rəhbər tutan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi xarici siyasətlə yanaşı, fəal iqtisadi və maliyyə diplomatiyası həyata keçirmiş, iri miqyaslı enerji layihələrinin reallaşmasına öz töhfəsini vermişdir.

Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasət kursu 2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz dövlət başçısının yürütdüyü siyasət nəticəsində Azərbaycan regionda siyasi və iqtisadi münasibətlərin əsas iştirakçısına çevrilmiş, hazırda ölkəmiz iqtisadi inkişafın sürətinə görə lider ölkələrdən biri hesab olunur.

Dövlət başçısı İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunu rəhbər tutaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü, digər dövlətin daxili işlərinə qarışmamaq prinsiplərinə uyğun olaraq öz fəaliyyətini uğurla həyata keçirir.

Bildirilib ki, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva tərəfindən həyata keçirilən mədəniyyət diplomatiyası ölkənin xarici siyasətinə əhəmiyyətli töhfə verməkdədir. 2004-cü ildə yaradılmış Heydər Əliyev Fondu humanitar sahədə digər dövlətlərlə ikitərəfli münasibətlərin dərinləşməsinə şərait yaratmaqla, mədəniyyətlərarası və dinlərarası əlaqələrin inkişafına xidmət edir.

Səfir Anar Məhərrəmov çoxtərəfli diplomatiya sahəsində ölkəmizin beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd edərək, Azərbaycanın BMT, onun ixtisaslaşmış qurumları, Avropa İttifaqı və digər təşkilatlarla əməkdaşlığının yüksək səviyyədə olmasından bəhs edib. İspaniya ilə ölkəmizin ikitərəfli əlaqələrinin inkişafına toxunulub, Azərbaycan və İspaniyanın beynəlxalq gündəlikdə duran bir çox məsələdə eyni mövqedən çıxış etdiyi, bir-birinin suverenliyi və ərazi bütövlüyünü tam şəkildə dəstəklədiyi bildirilib.

Daha sonra çıxış edən İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya idarəsinin baş direktorunun müavini Xorxe Urbiola Lopes de Monteneqro 1918-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik, parlamentli respublika olduğunu, etnik mənsubiyyətindən, dinindən, sosial statusundan və cinsindən asılı olmayaraq bütün vətəndaşların siyasi və mülki hüquqlarının təmin edildiyi, bir çox Qərbi Avropa dövlətlərindən daha əvvəl – 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətində qadınların seçki hüququna malik olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan Azərbaycan Respublikasının 1991-ci ildə müstəqilliyini bərpa etmiş, İspaniya Krallığı Azərbaycanın müstəqilliyini tanıyan və Azərbaycanla diplomatik əlaqələrini quran ilk ölkələrdən biri olmuşdur.

Xorxe Urbiola çıxışının sonunda İspaniya Krallığı Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq nazirinin Azərbaycan Respublikasının  Xarici işlər naziri başda olmaqla, ölkəmizin diplomatik xidmət orqanlarına səmimi təbrikini çatdırıb.

Daha sonra İspaniyanın Kraliça Sofiya Ali Musiqi Məktəbinin məzunu, həmyerlimiz Kamran Ömərli tərəfindən skripkada, pianoçu İzem Gürerin müşayiəti ilə səsləndirilmiş, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” və tanınmış ispan bəstəkarı Manuel de Fayanın “İspan rəqsi” əsərlərindən musiqi parçaları tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Tədbirdə yaradılmış guşədə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik və dahi Azərbaycan şairi  İmadəddin Nəsiminin 650 illik yubileylərinə həsr olunmuş, Səfirlik tərəfindən çap etdirilmiş buklet və İspaniyada dövriyyəyə buraxılmış xüsusi poçt markalarının, habelə ölkəmizin diplomatik xidmət orqanlarının 100 illik yubileyinə ithaf olunmuş geniş, şəkilli məqalənin dərc edildiyi İspaniyanın nüfuzlu “Diplomacia Siglo XXI” (Diplomatiya XXI əsr) jurnalının aprel ayı buraxılışının, həmçinin “İRS” jurnalının ölkə diplomatiyasının 100 illiyi ilə bağlı xüsusi buraxılışnın təqdimatı keçirilib.

Tədbir iştirakçıları Azərbaycan milli mətbəxinin ləziz təamlarından dadıb, ölkəmizin tarixini, milli adət-ənənələrini və turizm potensialını özündə əks etdirən guşəyə baş çəkiblər.

 

 

 

 

 

 

 

 

 

 

Arxiv üzrə axtarış