2019-11-06

Azərbaycanın İspaniyadakı Səfirliyinin təşkilatçılığı ilə həmin ölkənin öncül təhsil müəssisələrindən hesab edilən Madrid Muxtar Universitetində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarına uyğun olaraq ölkəmizdə və ölkəmizdən kənarda silsilə tədbirlər və təqdimatlar keçirilir, onun ədəbi irsi yenidən öyrənilərək dünya ictimaiyyətinə çatdırılır. 

Dövlət başçısının İmadəddin Nəsiminin yubileyinin keçirilməsi haqqında Sərəncamını rəhbər tutaraq noyabrın 5-də Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin və Madrid Muxtar Universitetinin birgə təşkilatçılığı ilə adıçəkilən təhsil ocağında ədəbi-elmi konfrans keçirilib.

Konfransın açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına nəzər salaraq, çətin tarixi dönəmdə yaşayıb-yaratmış ədibin klassik Azərbaycan poeziyasının inkişafındakı xidmətlərinə toxunub, mütəfəkkir şairin yaradıcılığında humanizm, şəxsiyyətin azadlığı kimi mütərəqqi ideyaların mühüm yer tutduğunu qeyd edib.

Xüsusi olaraq vurğulanıb ki, şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin anadan olmasının 600 illiyinin keçirildiyi vaxta təsadüf etmişdir. 1973-cü ildə böyük söz ustasının 600 illik yubileyi YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilmiş və beynəlxalq miqyasda qeyd olunmuş, həmin dövrdən etibarən Nəsimi yaradıcılığı ilə bağlı çox sayda araşdırmalar aparılmışdır.

Nəsiminin Azərbaycan ədəbi mühitinin zənginləşməsində rolunu qeyd edən səfir A. Məhərrəmov, dahi şairin ideya və baxışlarının dünya ədəbiyyatına təsirindən, mədəni müxtəlifliyə, humanist ideyaların təşviqinə töhfələrindən bəhs edib.

Tədbirin davamı olaraq çıxış edən Madrid Muxtar Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-dekanı Feliks Fernando Munyos Peres bildirib ki, yaradıcılığına lirik ədəbi nümunələrlə başlayan ədib sonralar siyasi, ictimai, əxlaqi mövzularda əsərlər yazıb. F.F.Munyos Peres Nəsimi irsinin İspaniya ictimaiyyətinə daha yaxından çatdırılması məqsədilə şairi əsərlərindən seçmələrin ispan dilinə tərcümə edilməsi baxımından Madrid Muxtar Universitetinin Səfirliklə əməkdaşlığa hazır olduğunu bildirib.

Daha sonra Azərbaycan və ispan dillərində Nəsiminin “Sığmazam” qəzəlindən parçalar səsləndirilib.

İspaniyalı alim, Madrid Muxtar Universitetinin İqtisadiyyat və beynəlxalq əlaqələr məktəbinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Xesus Xil Fuensanta Nəsimi yaradıcılığının müxtəlif cəhətlərini diqqətə çatdıraraq, onun Qərb oxucusu üçün əhəmiyyətindən danışıb, onu dahi ispan yazıçısı Migel de Servanteslə müqayisə edib.

Kral Xuan Karlos Universitetinin professoru, hüquqşünas Karlos Uriarte Nəsimi yaradıcılığının mərkəzində humanizm ideyalarının dayandığını bildirərək, Azərbaycanın tolerantlıq modelindən söz açıb.

Tədbirdə çıxış edən digər elm xadimləri filosof-şairin yaradıcılığına nəzər salaraq,  onun tolerantlığın,sülhün və humanizmin təşviqinə töhfəsindən bəhs ediblər.

Tədbir zamanı 2019-cu ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnələşdirilmiş “Nəsimi baleti”ndən, habelə rejissor Həsən Seyidbəylinin müəllifi olduğu “Nəsimi” bədii filmindən (1973) parçalar nümayiş etdirilib.

Xüsusi olaraq yaradılmış guşədə ölkəmizin mədəniyyətinin, turizm potensialının təbliği ilə bağlı müxtəlif materiallar nümayiş etdirilib, habelə dahi şairin 650 illik yubileyinə həsr olunmuş, Səfirlik tərəfindən çap etdirilmiş bukletlərin, İspaniyada dövriyyəyə buraxılmış xüsusi poçt markalarının, Heydər Əliyev Fondu tərəfindən çap etdirilmiş, İ.Nəsiminin əsərlərini özündə ehtiva edən kitabların, habelə “İRS” jurnalının Nəsiminin həyat və yaradıcılığını əhatəli şəkildə əks etdirən buraxılışlarının təqdimatı keçirilib. Tədbir iştirakçılarına milli şirniyyatlarımız və Azərbaycan çayı təqdim olunub.

 

 

 

 

 

Arxiv üzrə axtarış