“Son iclas” bədii-sənədli filmi Madriddə nümayiş etdirilib
Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin təşkilatçılığı ilə Madrid şəhərində yerləşən “Cineteca” kinoteatrında Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Son iclas” bədii-sənədli filmi nümayiş etdirilib.
Mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ictimaiyyət üzvləri, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri və İspaniyada yaşayan soydaşlarımız iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevanın baş prodüseri olduğu ekran əsəri haqqında məlumat verib.
“Son iclas” bədii-sənədli filminin Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq saldığını, hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirdiyini diqqətə çatdıran səfir A.Məhərrəmov, filmin ssenarisinin bu günə qədər araşdırılmamış və gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alındığını qeyd edib.
Daha sonra çıxış edən “Nexos Assosiasiyası – Sivilizasiyalar Alyansı” təşkilatının prezidenti, İspaniya İpək İnstitutunun vitse-prezidenti Enrike Qaspar filmi subtitrinin ispan dilinə tərcümə etdirərək, onda filmə qarşı marağın daha da artdığını, filmin çəkilişlərinin peşəkarcasına aparılaraq, tarixi hadisələrin yaşandığı ərazilərdə lentə alındığını, ümumiyyətlə filmin layihəsi üzrə 6 aya yaxın işin davam etdiyini bildirib.
“Son iclas” filmi tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.