2020-02-19

Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov İspaniya Dövlət Radiosuna (RNE) müsahibə verib

1937-ci ildə təsis olunmuş, 5 müxtəlif radio kanalı vasitəsilə dünyada geniş dinləyici kütləsinə yayımlanan İspaniya Dövlət Radiosunun “Beş Qitə” verilişi canlı yayımda Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmovdan müsahibə alıb.

Müsahibə zamanı “Beş Qitə” verilişinin aparıcısı xanım Mariya de Eulate cari ilin 9 fevral tarixində ölkəmizdə keçirilmiş parlament seçkiləri, Beynəlxalq Seçki Müşahidə Missiyasının seçkilərlə bağlı qənaətləri, Azərbaycan Respublikasının Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfəsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-İspaniya əlaqələrinin hazırkı vəziyyəti barədə suallar ünvanlayıb.

Sualları cavablandıran səfir Anar Məhərrəmov 2020-ci il 9 fevral tarixində Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilərin Azərbaycan tərəfinin dəvəti ilə ölkəyə gəlmiş 883  beynəlxalq və 78000-ə yaxın yerli müşahidəçi tərəfindən izlənildiyini, həm beynəlxalq, həm də yerli müşahidəçilərin mütləq əksəriyyətinin seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçdiyini təsbit etdiklərini bildirib. Beynəlxalq Seçki Müşahidə Missiyasının seçkilərlə bağlı ilkin qənaətlərində qeyd olunan çatışmazlıqların əsasən prosedur və təşkilati səciyyə daşıdığını qeyd edən səfir Anar Məhərrəmov, bununla bağlı bir sıra seçki məntəqələrində nəticələrin artıq ləğv olunduğunu, iddia olunan digər pozuntuların araşdırıldığını diqqətə çatdırıb.

Azərbaycanın regionda irimiqyaslı enerji layihələrinin əsas təşəbbüskarı və iştirakçısı kimi çıxış etdiyini bildirən səfir A.Məhərrəmov, Avropa İttifaqının enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verəcək TAP qaz kəmərinin 2020-ci ildə tamamlanmasının nəzərdə tutulduğunu, İspaniyanın “Enegas” şirkətinin qeyd olunan layihə üzrə səhmlərin 16 faizinə malik olduğunu qeyd edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi olaraq vurğulanıb ki, ötən həftə təşkil olunmuş MünxenTəhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilmiş panel müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev münaqişənin tarixi, hüquqi aspektləri, beynəlxalq ictimaiyyətin mövqeyi və danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyi barədə ətraflı məlumat vermişdir. Prezident İlham Əliyevin beynəlxalq-hüquqi sənədlərə istinad etdiyi halda, Ermənistanın baş nazirinin hüquqi cəhətdən əsaslandırılmış hər hansı fakt ortaya qoya bilmədiyi, eləcə də Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarında yaratdığı qondarma rejimə birbaşa hərbi dəstək verməsini öz sözləri ilə bir daha təsdiq etdiyi diqqətə çatdırılıb.

Xüsusi olaraq vurğulanıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və xalqımıza qarşı etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi – Dağlıq Qarabağ regionu və ətraf yeddi rayon işğal edilmiş, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan tərəfindən hələ də  yerinə yetirilmədiyini bildirən səfir Anar Məhərrəmov qeyd edib ki, Ermənistan tərəfindən 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilmiş, 1275 dinc sakin əsir götürülmüş, 155 nəfər itkin düşmüşdür.

Azərbaycan və İspaniyanın beynəlxalq gündəlikdə duran bir çox məsələdə, o cümlədən beynəlxalq terrorizm, ekstremizm və separatçılıqla mübarizədə eyni mövqedən çıxış etdiyini məmnunluqla bildirən səfir Anar Məhərrəmov, İspaniya Krallığı Hökumətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyinə, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına tam dəstəyini ifadə etdiyini, eyni zamanda ölkəmizin İspaniyanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini bildirib.

Azərbaycanla İspaniya arasında siyasi müstəvidə əlaqələrin yüksək səviyyədə olduğunu bildirən səfir Anar Məhərrəmov, 2019-cu ilin 13 iyun tarixində Bakı şəhərində Azərbaycan və İspaniyanın Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin bunun təcəssümü olduğunu qeyd edib, iki ölkə arasında ticari-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb.

İspaniyada artıq hökumətin formalaşdığını qeyd edən səfir A .Məhərrəmov iki ölkə arasında əlaqələrin 2020-ci ildə daha da inkişaf edəcəyinə inamını ifadə edib.

Sonda “Beş Qitə” verilişinin aparıcısı xanım Mariya de Eulate səfir Anar Məhərrəmova ölkəmiz haqqında dolğun, ətraflı və həqiqətləri əks etdirən məlumatların İspaniyanın Dövlət Radiosu vasitəsilə ispandilli dinləyicilərə çatdırdığına görə minnətdarlığını bildirib.

 

Arxiv üzrə axtarış