Azərbaycan 28 May - Respublika Gününü qeyd edir
28 may tarixi Azərbaycanda Respublika Günü kimi qeyd olunur. Bu tarix 28 may 1918-ci il tarixində Şərqdə ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin elan edilməsi ilə bağlıdır.
Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 aylıq dövr ərzində demokratik, dünyəvi və parlamentli respublika dəyərləri rəhbər tutulmuş, etnik mənsubiyyətindən, dinindən, sosial statusundan və cinsindən asılı olmayaraq bütün vətəndaşların siyasi və mülki hüquqları təmin edilmiş, Şərqdə ilk dəfə, bir çox Qərbi Avropa dövlətlərindən və Amerika Birləşmiş Ştatlarından daha əvvəl, Azərbaycan Xalq Cümhuriyyətində qadınlar seçki hüququna malik olmuşlar. Azərbaycanda dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Azərbaycan dili rəsmi dövlət dili elan edilmiş, ölkənin himni, bayrağı və gerbi təsis edilmiş, Azərbaycan Milli Ordusu yaradılmışdır.
Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərkən Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrinə sadiq qalmış, özünü Cümhuriyyətin siyasi və mənəvi varisi elan etmişdir. Müstəqilliyin ilk illərində Azərbaycan Respublikası daxili və xarici siyasətdə ağır vəziyyətlə üzləşmiş, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin nəticəsi kimi Azərbaycan Respublikası ərazisinin 20%-i – Dağlıq Qarabağ regionu və ətraf yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və 1 milyondan artıq Azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir.
Ölkənin bu cür ağır vəziyyətlə üzləşdiyi bir dövrdə, Azərbaycan xalqının təkidi ilə Heydər Əliyev 1993-cü ilin iyun ayının 15-də yenidən hakimiyyətə qayıtmış, ulu öndərin müdrik və uzaqgörən siyasəti, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti sayəsində ölkədə qısa müddət ərzində sabitlik və tərəqqiyə nail olunaraq, 1994-cü ildə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs əldə edilmişdir.
Heydər Əliyevin Prezidentliyi dövründə (1993-2003) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq təşkilatların gündəliyinə daxil edilmiş, bunun məntiqi nəticəsi olaraq, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş 4 qətnamədə (822, 853, 874, 884) Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı qınanmış, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edilməsinin vacibliyi bir daha təsdiq edilmiş, işğal edilmiş bütün Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilmişdir.
Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti sayəsində 1994-cü il 20 sentyabr tarixində “Əsrin Müqaviləsi” imzalanmış, Azərbaycan mötəbər beynəlxalq təşkilatların tam hüquqlu üzvünə çevrilmiş, ölkədə bütün sahələrdə əsaslı islahatlar həyata keçirilmişdir.
Azərbaycan xalıqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasət kursu bu gün ölkə başçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bugün Azərbaycanda bütün sahələri əhatə edən çoxşaxəli islahatlar, həyata keçirilən tədbirlər Azərbaycan xalqının mənafeyinə, Azərbaycanın qüdrətinin artmasına və daha da çiçəklənməsinə xidmət edir.
Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq və regional layihələrin əsas təşəbbüskarı və iştirakçısı kimi çıxış edir, hazırda iqtisadi inkişafın sürətinə görə lider ölkələrdən biri hesab olunur. Təsadüfi deyil ki, İlham Əliyev tərəfindən irəli sürülmüş qlobal təşəbbüslər müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən təqdir edilərək yüksək qiymətləndirilir, Azərbaycan beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul edilir.