2020-05-10

Madriddə ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin təşkilatçılığı ilə Madrid şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən səfir Anar Məhərrəmov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında toplantı iştirakçılarına ətraflı məlumat verərək, onun keçdiyi şərəfli ömür yolundan, zəngin fəaliyyətindən, xilaskarlıq missiyasından, Azərbaycanın çətin günlərində hər zaman xalqın yanında olduğundan, göstərdiyi misilsiz xidmətlərindən bəhs edib.

Bildirilib ki, Heydər Əliyevin Azərbaycan SSR-də hakimiyyəti dövründə ölkəmizdə iqtisadiyyat, sənaye, elm, mədəniyyət və digər sahələrdə mühüm irəliləyişlərə nail olunub, Azərbaycan Sovet İttifaqı dövründə öncül ölkələrdən birinə çevrilib, müasir dövrdə Azərbaycanın suverenliyi və iqtisadi müstəqilliyi həmin illərdə Ümummilli Lider tərəfindən təməli qoyulmuş bünövrənin məntiqi nəticəsi olub.

Qeyd olunub ki, məhz Ulu Öndərin müdrik siyasəti və səyləri nəticəsində Azərbaycan regionun lider ölkəsinə, beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilib.

Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş daxili və xarici siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə bütün sahələrdə hərtərəfli inkişafa nail olunub, beynəlxalq arenada ölkəmizin nüfuzu gündən-günə artmaqdadır.

Xüsusi olaraq vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və zamanında verilən göstərişləri nəticəsində ölkədə COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunması üçün lazım olan bütün tədbirlər həyata keçirilib, məhz bu baxımdan bu gün ölkəmiz bir çox dövlətlərdən fərqli olaraq sosial və iqtisadi böhran vəziyyətindən daha az itkilərlə çıxmaqdadır.

Daha sonra Türkiyənin İspaniya Krallığındakı səfiri Cihad Erginay çıxış edərək Azərbaycanın siyasi, iqtisadi, mədəni, sosial və digər sahələrdə nailiyyətlərinin Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində əldə edildiyini, onun misilsiz xidmətləri nəticəsində Azərbaycanın dünya miqyasında öz layiqli yerini tutduğunu bildirib. Qeyd olunub ki, məhz Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamı hazırda da Türkiyə-Azərbaycan əlaqələrinin nə qədər möhkəm və sarsılmaz olduğunu göstərir.

Daha sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edilən qısametrajlı film nümayiş etdirilib.

Arxiv üzrə axtarış