2022-05-31

Madrid şəhərində “28 May – Müstəqillik Günü” və Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş təntənəli qəbul mərasimi keçirilib

Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyi tərəfindən Madrid şəhərində “28 May – Müstəqillik Günü” və Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş təntənəli qəbul mərasimi keçirilib.

Mərasimdə İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin, ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak edib.

Təntənəli mərasimdə əvvəlcə İspaniyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Ramiz Həsənov “28 May – Müstəqillik Günü”  1918-ci ilin 28 may tarixində Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin öz müstəqilliyini elan etməsi tarixi ilə bağlı olduğunu qeyd edib.

Səfir diqqətə çatdırıb ki, 23 il mövcud olmasına baxmayaraq, Şərqdə ilk dünyəvi və parlamentli respublika həmin dövr üçün mütərəqqi hesab olunan dövlət institutlarını – çoxpartiyalı sistemi, plüralist parlamenti, azad kütləvi informasiya vasitələrini təsis edib. Etnik mənsubiyyətindən, cinsindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq vətəndaşların mülki və siyasi hüquqları təmin edilib, Şərqdə ilk dəfə məhz Azərbaycanda qadınların seçki hüququ təsbit olunub.

Bildirilib ki, Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərkən Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrinə sadiq qaldığını göstərərək özünü birinci respublikanın varisi elan edib.

Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasət kursu 2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz dövlət başçısının yürütdüyü siyasət nəticəsində Azərbaycan regionda siyasi və iqtisadi münasibətlərin əsas iştirakçısına çevrilmiş, hazırda ölkəmiz iqtisadi inkişafın sürətinə görə lider ölkələrdən biri hesab olunur.

Səfir diqqətə çatdırıb ki, Azərbaycanın xarici siyasətində beynəlxalq hüququn aliliyinə hörmət edilməsi, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarının, o cümlədən dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmamasının rəhbər tutulması, digər dövlətlər və beynəlxalq və regional təşkilatlarla və təsissatlarla qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində fəaliyyətin aparılması əsas yer tutur.

Enerji sahəsində əməkdaşlıq iqtisadi sektorda əməkdaşlıqda mühüm yer tutduğunu diqqətə çatdıran səfir Ramiz Həsənov, Azərbaycan digər sahələrlə yanaşı, qeyd olunan sektorda da etibarlı tərəfdaş kimi qəbul olunmasından, 1994-cü il “Əsrin müqaviləsi”ni yeniləyən Sazişin imzalanması, habelə Cənub Qaz dəhlizi layihəsinin tərkib hissəsinin təşkil edən Trans-Adriatik (TAP) və Trans-Anadolu (TANAP) təbii qaz boru xətlərinin tam şəkildə istismara verilməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynamasının göstərisi olmasından söz açıb.

Səfir bildirib ki, Azərbaycan Respublikası ilə dost İspaniya Krallığı arasında diplomatik münasibətlər 1992-ci ilin 11 fevral tarixində qurulub, ötən 30 il ərzində iki ölkə arasında bir çox sahəni əhatə edən əlaqələr yüksələn xətt üzrə inkişaf etməkdədir. 2005-ci ildə İspaniyada Azərbaycan Respublikasının Səfirliyinin təsis edilməsi ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verib. 2014-cü ildə İspaniya Krallığının Diplomatik Nümayəndəliyi Azərbaycan Respublikasında fəaliyyətə başlayıb.

Vurğulanıb ki, Azərbaycan İspaniyanın özünün strateji tərəfdaşı kimi görür və İspaniya ilə həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə inkişaf etməsində maraqlıdır.

Çıxışın sonunda Azərbaycan və İspaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə təsadüf edən 2022-ci ildə dost İspaniya ilə yüksək səviyyədə olan əlaqələrimizin daha da dərinləşəcəyinə - növbəti səviyyəyə qaldırılacağına əminliyimiz qeyd edilib.

Daha sonra çıxış edən İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Şimali Amerika, Şərqi Avropa, Asiya və Sakit Okean Baş idarəsinin rəisi Xaviyer Salido Ortis 1918-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik, parlamentli respublika olduğunu, etnik mənsubiyyətindən, dinindən, sosial statusundan və cinsindən asılı olmayaraq bütün vətəndaşların siyasi və mülki hüquqlarının təmin edildiyi, bir çox Qərbi Avropa dövlətlərindən daha əvvəl – 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətində qadınların seçki hüququna malik olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan Azərbaycan Respublikasının 1991-ci ildə müstəqilliyini bərpa etmiş, İspaniya Krallığı Azərbaycanın müstəqilliyini tanıyan və Azərbaycanla diplomatik əlaqələrini quran ilk ölkələrdən biri olmuşdur.

Daha sonra istedadlı caz ifaçısı, soydaşımız Elbəy Məmmədzadənin ifasında Azərbaycan və dünya caz musiqisinin inciləri səsləndirilib. Musiqi parçaları tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Tədbir iştirakçıları Azərbaycan milli mətbəxinin ləziz təamlarından, milli məhsullarımızdan dadıb, ölkəmizin tarixini, milli adət-ənənələrini və turizm potensialını özündə əks etdirən videoçarxlarla tanış olublar.

    

 

Arxiv üzrə axtarış