2022-11-10

Madriddə Azərbaycan muğamı konserti təşkil olunub

 

Prezident İlham Əliyevin Sərəncamı ilə elan olunmuş “Şuşa İli” çərçivəsində Azərbaycanın İspaniyadakı səfirliyinin, Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin və Xan Şuşinski Fondunun birgə təşkilatçılığı ilə Madrid şəhərində Azərbaycan muğamı konserti təşkil edilib.

Tədbirdə İspaniyanın dövlət və hökumət üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun, elm və mədəniyyət dairələrinin, yerli kütləvi informasiya vasitələrinin və beyin mərkəzlərinin nümayəndələri, eləcə də İspaniyada yaşayan həmvətənlərimiz iştirak etdilər.

Tədbirin açılışında çıxış edən Azərbaycanın İspaniyada səfiri Ramiz Həsənov bu gün 30 illik işğaldan azad olunmuş Şuşada tarixi, dini və memarlıq abidələrinin bərpası sahəsində Azərbaycan dövləti tərəfindən irimiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Xüsusi olaraq vurğulanıb ki, Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti, yüksək mədəni-mənəvi dəyəri nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə 2022-ci il “Şuşa İli” elan edilib.

Qeyd olunub ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunan Şuşa şəhəri Azərbaycanın mədəni və ictimai-siyasi həyatında məxsusi rola malikdir. Məhz Şuşa şəhəri “Azərbaycan mədəniyyətinin paytaxtı”, “Azərbaycan musiqisinin beşiyi” kimi xalq mahnılarımızın və muğamlarımızın formalaşmasında özünəməxsus yer tutur.

Bildirilib ki, muğam janrı Azərbaycanın bütün bölgələrində yayılsa da, həm bu janrın, eləcə də Azərbaycan musiqisinin mərkəzi məhz “Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhəridir.

Səfir Azərbaycan muğamlarının mədəniyyətimizin, ənənələrimizin yaşadılmasında və dilimizin saflığının qorunmasındakı əhəmiyyətindən bəhs edib.

Diqqətə çatdırılıb ki, Azərbaycan xalqının mədəniyyəti və milli musiqisində oynadığı əhəmiyyətli rol baxımından “Azərbaycan Muğamı” 2003-cü il noyabrın 7-də UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına salınıb, 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

Səfir Ramiz Həsənov, eyni zamanda, 9 noyabr tarixinin ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunduğunu bildirərək həmvətənlərimizi bayram münasibətilə təbrik edib.

Muğam konsertində Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupunun üzvləri - tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov və nağarada Əməkdar artist Kamran Kərimovun ifasında Azərbaycan muğamları, xalq mahnılarımız dinləyicilərə təqdim olunub.

Tədbir çərçivəsində Azərbaycan muğamlarının təbliği ilə bağlı İspaniyadakı səfirliyimiz tərəfindən hazırlanmış bukletlər, habelə İspaniyanın Dövlət Poçt və Teleqraf Cəmiyyəti tərəfindən nəşr olunmuş, bütün İspaniya ərazisində dövriyyəyə buraxılmış, “Şuşa İli”nə həsr edilmiş xüsusi poçt markaları yayılıb. Muğam konserti, habelə üzərində Şuşa şəhərinin qala qapılarının və dövlət bayrağımızın təsvirlərini özündə əks etdirən poçt markaları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Arxiv üzrə axtarış