Madriddə “Savalan” şərablarının təqdimat mərasimi keçirilib
“2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”na dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Madriddə Azərbaycanın İspaniyada Səfirliyinin və “Savalan” şirkətinin birgə təşkilatçılığı ilə “Rioxa Mərkəzi”ndə İspaniyanın şərabçılıq üzrə tanınmış Rioxa regionunun və Azərbaycan şərablarının dequstasiyası keçirilmişdir.
“Rioxa Mərkəzi” tərəfindən təşkil olunan sayda 12-ci dequstasiya mərasimində İspaniya Hökumətinin üzvləri, İspaniyada akkreditə olunmuş diplomatik korpusunun rəhbərləri, Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin başçılığı altında nümayəndə heyəti, “Savalan” şirkətinin rəhbəri Fuad Seyidəliyev, yerli beyin mərkəzləri KİV nümayəndələri iştirak etmişlər.
Təqdimat mərasimini giriş sözü ilə açan “Rioxa Mərkəzi”nin rəhbəri Xose Antonio Ruperes Kanyo Azərbaycan şərablarının özünəməxsus ətri və dadı ilə fərqləndiyini, məhz bu səbəbdən Azərbaycan şərablarının İspaniyanın şərabçılıq üzrə əsas regionlarında biri olan Rioxa bölgəsinin şərabları ilə müqayisəli şəkildə dequstasiyasının keçirilməsinin təsadüfi olmadığını diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Azərbaycanın iqlimi, torpaq və su ehtiyatları müxtəlif üzüm növlərinin yetişdirilməsi üçün münbit zəmin yaratmışdır. Son illər ərzində Azərbaycanda şərabçılığın inkişafında əəhəmiyyətli inkişafın müşahidə olunması təqdir edilmişdir.
Daha sonra təqdimatla çıxış edən Azərbaycan Dövlət Turizm Agentliyinin nümayəndəsi Aygün Həsənova bildirdi ki, Azərbaycan hazırda regionda şərabçılıq mərkəzinə çevrilmişdir. Ölkəmizin şərab marşrutu “Şərab turizminin ən yaxşı inkişaf edən məhsulu” nominasiyası üzrə qalib olmuşdur.
A.Həsənova qeyd etdi ki, Azərbaycanın şərab istehsalı müəssisələrində “Pinot Grigio”, “Vermentino”, “Sauvignon Blanc”, “Cabernet”, “Petit Verdot”, “Muscat” və “Saperavi” kimi məşhur üzüm sortlarından geniş istifadə edilsə də, ölkəmizdə qiym´tli yerli bir sıra şərablıq üzüm növləri mövcuddur. Diqqətə çatdırılmışdır ki, Azərbaycanın bir çox rayonlarında müasir üzümçülük istehsal sahələri yaranaraq geniş vüsət almışdır. Qarabağ bölgəsinin ölkəmizin şərabçılıq tarixi və mədəniyyətində əhəmiyyətli yerə sahib olması vurğulanaraq, Azərbaycan şərabçılığının ən parlaq dövlərindən birinin də məhz Qarabağ zonasının payına düşdüyü bildirilmişdir.
Tədbirin davamında təqdimatla çıxış edən “Savalan” şirkətinin vitse-prezidenti Cavid Seyidəli ölkəmizin füsunkar təbiətə malik Böyük Qafqaz dağ silsiləsinin ətəklərində - Qəbələ rayonunun Savalan vadisində keyfiyyətli üzüm sortlarının yetişdirilməsi üçün əlverişli şəraitin olduğunu, bu ərazilərimizdə şərabçılığın tarixinin 2300 il əvvələ təsadüf etdiyi diqqətə çatdırılmışdır. “Savalan” müəssisəsinin özünəməxsus iqlim zonasına malik, dəniz səviyyəsindən 400 metr yüksəklikdə yerləşən 360 hektar üzüm bağlarına malik olduğu qeyd edilərək, müəssisənin istehsalı olan şərabların ilk mükafatı 2012-ci ildə Honq-Konq şəhərində keçirilən V Beynəlxalq Şərab Sərgisində mükafata layiq görüldüyü bildirilmişdir. “Savalan” müəssisəsinin şərab zavodlarında İtaliyadan olan enoloqların rəhbərlik etdiyi peşəkar beynəlxalq ekspertlərin çalışdığı qeyd edilərək, ötən 10 il ərzində müəssisənin “Decanter World Wine Awards”, “International Wine and Spirit Challenge”, “Mundus Vini”, “Monde Selecetion” kimi beynəlxalq müsabiqələrdə 55-dən artıq medal və mükafata layiq görüldüyü diqqətə çatdırılmışdır.
Tədbir zamanı iştirakçılara “Savalan” müəssisəsinin istehsalı olan şərablarla yanaşı milli kulinariyamızın ləziz təamları da təqdim edilmişdir.