2022-12-13

Madrid şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

Cari ilin 12 dekabr Səfirliyin təşkilatçılığı ilə Madrid şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.

Mərasimdə İspaniyada soydaşlarımız, həmçinin yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər.

Tədbirdə çıxış edən səfir Ramiz Həsənov müasir Azərbaycanın əldə etdiyi tərəqqi və inkişafın həyatının böyük hissəsini öz xalqına həsr etmiş Heydər Əliyevin adı ilə bilavasitə bağlı olduğunu qeyd etmişdir.

Səfir diqqətə çatdırmışdır ki, 1969-cu ildə respublika rəhbərliyinə gələn Heydər Əliyev, əslində, sosial-iqtisadi böhran keçirən Azərbaycanı 1970-1980-ci illərdə keçmiş İttifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə çıxarmışdı. Müasir Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin illərdə təməli qoyulmuş potensiala əsaslanır.

Qeyd olunmuşdur ki, 1991-1993-cü illərdə Azərbaycan hökumətində baş vermiş özbaşınalıq ölkəni vətəndaş müharibəsi vəziyyətinə sürükləmişdi. Yaranmış vəziyyətdən istifadə edən Ermənistan Azərbaycanı parçalamağa cəhd edərək, ərazilərimizin 20 faizini işğal etmiş, 1 milyondan artıq soydaşımız Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olmuşdur.

Xüsusi olaraq vurğulanmışdır ki, 1993-cü il iyun ayının 15-də Azərbaycan xalqının təkidi ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıtmış, məhz Ulu Öndərin müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti sayəsində gənc, müstəqil respublika qaçılmaz fəlakətdən qurtulmuş, ölkənin daxili və xarici siyasətində stabillik bərqərar olunmuş, ölkə yeni inkişaf dövrünə qədəm qoymuşdur. Azərbaycan xalqı Heydər Əliyev tərəfindən görülmüş işləri layiqincə qiymətləndirərək, onu xalqın Ümummilli Lideri kimi əbədiləşdirmişdir.

Xüsusi olaraq vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin ən böyük arzusu əzəli torpaqlarımızın  düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olmuşdur. Dahi şəxsiyyətin arzusunu, vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyev yerinə yetirdi. Ulu Öndərin yaratdığı və inkişaf etdirdiyi Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsi zamanı işğal altında olmuş torpaqlarımız azad edilmiş, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Azərbaycan mədəniyyətinin mərkəzi olan Şuşa şəhərində qürurla dalğalanmağa başlamışdır. Bununla da “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!” deyən Ulu Öndərin ən böyük arzularından biri də həyata keçdi, Azərbaycanın ərazi bütövlüyü təmin olunmuşdur. 

Bu gün ölkəmizdə və dünyanın digər ölkələrində yaşayan həmvətənlərimizin Azərbaycanı dünyaya tanıdan, dünyanın görkəmli şəxsiyyətlərindən biri olan Ulu Öndərin xatirəsinə ehtiramlarını ifadə etdikləri qeyd edilmişdir.

Tədbir zamanı çıxış edən İspaniyada yaşayan soydaşımız Əli Evsen çıxış edərək, Ulu Öndərin ölkəmizin bütövlüyü, xalqımız həmrəyliyi uğrunda müdrik siyasətindən, respublikamızın müstəqilliyinin qorunub-saxlanmasındakı əvəzolunmaz rolundan bəhs etmişdir.

 

 

Arxiv üzrə axtarış