2023-03-01

Madrid şəhərinin Ticarət, Sənaye və Xidmətlər Palatasının Baş qərargahında “Azərbaycan: biznes və investisiya imkanları” adlı tədbir keçirilib.

 

Fevralın 28-də Madrid şəhərinin Ticarət, Sənaye və Xidmətlər Palatasının Baş qərargahında Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin Ələt Azad İqtisadi Zonası (AFEZ), habelə “KUEHNE NAGEL” şirkəti, Avropa Müəssisələri Şəbəkəsi və Madrid bələdiyyəsinin “Beynəlxalqlaşma üçün bir pəncərə” layihəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan: biznes və investisiya imkanları” adlı tədbir keçirilib.

Tədbirdə Madrid şəhərinin Ticarət, Sənaye və Xidmətlər Palatasının idarəedici direktorunun müavini xanım Elza Salvadores Janssen və ölkəmizin İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri cənab Ramiz Həsənov açılış nitqi ilə çıxış edərək iştirakçıları salamlayıb.

Daha sonra Azərbaycan İxrac və İnvestisiya Agentliyinin (AZPromo) icraçı direktorunun müavini cənab Zöhrab Qədirov “Biznes mühiti və əsas sektorlar” mövzusunda təqdimatla çıxış edib. AFEZ-in səlahiyyətli qurumunun İdarə Heyətinin sədri cənab Valeh Ələsgərov çıxışında AFEZ-in təqdim etdiyi əlverişli imkanlar, eləcə də uğurlu biznes nəticələrinin əldə olunması üçün azad iqtisadi zonanın üstünlükləri barədə məlumat verib.

“ESKZ GLOBAL” şirkətinin baş direktoru və idarəedici tərəfdaşı cənab Adolfo Romero de Marselo isə Azərbaycan bazarında uğur qazanmaq üçün biznes imkanları və strategiyaları haqqında danışıb. Bundan əlavə, tədbirdə İspaniyanın məşhur “INDRA” şirkətinin Azərbaycan üzrə ölkə meneceri xanım Qamze Yılmaz və “Técnicas Reunidas” şirkətinin Bakıdakı Heydər Əliyev adına neft emalı zavodunun modernləşdirilməsi layihəsinin direktoru cənab Alvaro García Guzmán İspaniyanın Azərbaycandakı biznes təcrübəsinə dair fikir mübadiləsi aparıblar.

Tədbir çərçivəsində iştirakçılar və xarici şirkət nümayəndələri Azərbaycanın iqtisadi artım templərini (iqtisadi artım 2022-ci ildə 3.7% olmuş, 2023-cü il üçün isə bu rəqəm 2.5% həcmində proqnozlaşdırılmışdı) örnək göstərərək ölkəmizin enerji resurslarının beynəlxalq tranzitində oynadığı əsas rolu təqdirəlayiq hesab edib və Azərbaycanın Xəzər regionundakı mühüm geostrateji mövqeyə malik olmasını qeyd ediblər.

Eyni zamanda, vurğulanıb ki, böyük karbohidrogen (neft və qaz) ehtiyatları ilə zəngin olan Azərbaycan, regiondakı öz iqtisadi təsir zonası üzrə ümumi iqtisadiyyatin 80%, maliyyə resurslarının isə 95% payına malikdir. Əlavə olaraq qeyd edilib ki, infrastruktur, bərpa olunan enerji, kənd təsərrüfatı və regional inkişaf layihələri sahəsində beynəlxalq maliyyə institutlarının dəstəyi ilə iqtisadi artımın təmin edilməsi üçün Azərbaycanda qeyri-neft sektorunun gələcək inkişafı həlledici hesab olunur.

Tədbirdə həmçinin Azərbaycan hökuməti tərəfindən ölkənin karbohidrogen ehtiyatlarından ənənəvi asılılığını əvəzləmək üçün Bakı Beynəlxalq Dəniz Limanın yaxınlığında AFEZ kimi iddialı layihəyə imza atdığı bildirilib. Öz növbəsində AFEZ-in nəqliyyat, infrastruktur, loqistika və sairə bu kimi sahələrdə fəaliyyət göstərən, mal, iş və xidmət idxal edən şirkət və müəssisələr üçün xüsusi vergi və gömrük rejimi tətbiq etməklə müstəsna güzəştlər təklif edən unikal qanunvericiliyə malik olması qeyd olunub.

Tədbirin sonunda keçirilmiş sual-cavab sessiyasında məruzəçilər təqdim olunan biznes imkanları ilə maraqlanan iştirakçılara ətraflı cavablar veriblər.

Arxiv üzrə axtarış