İspaniya Milli Kitabxanasında Eldar Nadiradzenin müəllifi olduğu QARABAĞ XANLIĞI: TARİXİ VƏ MƏDƏNİ KİMLİK adlı kitabın təqdimatı keçirilmişdir
Martın 9-da İspaniya Milli Kitabxanasında Eldar Nadiradzenin “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” adlı kitabının təqdimatı keçirilib. Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyi və Avrasiya İnkişaf Beynəlxalq Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbir maddi mədəni irsin qorunması üzrə regional əməkdaşlığa həsr olunmuş təşəbbüslər çərçivəsində keçirilib.
İspaniya Milli Kitabxanasının mədəniyyət direktoru Xavyer Orteqa Alvares açılış nitqində qeyd etmişdir ki, mədəni irsin qorunması üzrə regional əməkdaşlığın nəticəsi olan bu kitabın təqdimatının Milli Kitabxanada keçirilməsi kitabxana üçün böyük şərəfdir və eyni zamanda, Milli Kitabxananın əsas fəaliyyət istiqamətləri ilə üst-üstə düşür.
Tədbirdə Azərbaycan Respublikasının Səfiri Ramiz Həsənov çıxış etmişdir. Onun sözlərinə görə, mədəni irsin mühafizəsi üzrə beynəlxalq əməkdaşlıq 1972-ci il “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" Konvensiyası ilə tənzimlənir. Vurğulanmışdır ki, Azərbaycan və Gürcüstanın elmlər akademiyaları, xarici işlər nazirlikləri arasında məhsuldar əməkdaşlığın nümunələrindən biri də məhz Eldar Nadiradzenin “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” kitabının nəşridir.
Ramiz Həsənov çıxışında “Qarabağ xanlığı: tarixi-mədəni kimlik” kitabını Şuşa şəhərinin 270 yubileyinə həsr olunmuş əlamətdar nəşr kimi dəyərləndirmiş və bildirmişdir ki, kitabda Azərbaycanın Qarabağ xanlığının 1747-1822-ci illəri əhatə edən dövrünə aid 300-dən çox etnoqrafik tapıntının təsvirləri yer alır. Qarabağ xanlığı paytaxtı Şuşa qalası olan Azərbaycanın dövlət quruluşu olmuşdur. Tədqiqatın əhəmiyyəti ondadır ki, kitabın müəllifi Eldar Nadiradze XVIII əsrə aid Qarabağ tapıntılarında ərəb əlifbasının Azərbaycan incəsənətinin naxışları ilə uyğunluğunu təhlil edərək, burada Şuşa şəhərinin azərbaycanlı sakinləri tərəfindən yaradılmış zəngin mədəni irsi ortaya çıxarmışdır.
Tədbirin moderatoru, Madrid Muxtar Universitetinin müəllimi və eyni zamanda İspaniya Şərqşünaslar Assosiasiyasının baş katibi Xesus Xil Fuensanta isə Azərbaycan xalqının irsinin beynəlxalq əhəmiyyətini vurğulamış və ölkəmizin şah əsərlərinin London, Nyu-York, Paris, Berlin, Sankt-Peterburq, Tbilisi, İstanbul və s. kimi beynəlxalq miqyasda tanınan muzeylərində saxlandığını diqqətə çatdırmışdır.
Tanınmış arxeoloq, Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze isə çıxışında Gürcüstan Milli Muzeyində saxlanılan Azərbaycan tarixi-mədəni irsinin qorunmasında Heydər Əliyev Fondunun dəstəyini xüsusi qeyd etmiş və Fondun çoxsaylı sponsorluq nümunələrdən birinin də hazırki kitabın nəşri olduğunu bildirmişdir.
Bu günlərdə Şuşa şəhərinə və Qarabağa səfər edən Roma Sapienza Universitetinin elmi işçisi Daniel Pomier Vinselli 30 illik erməni işğalı zamanı Azərbaycan irsinin vəhşicəsinə dağıdılmasının şahidi olmasından təəssüflənərək ölkəmizin təkcə Şuşa şəhərinin qorunmasına deyil, bütün dünyada müsəlman və xristian irsinin bərpasına göstərdiyi xüsusi diqqətinin təqdirəlayiq olmasını qeyd etmişdir.
Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Avrasiya İnkişaf Beynəlxalq Assosiasiyasının nümayəndəsi Elşad İskəndərov Qarabağın azərbaycanlı kimliyinin formalaşmasında mühüm rolundan bəhs etmiş, ilk opera kompozisiyasını, müsəlman Şərqində ilk teatrın açılışını, muğam və xalçaçılıq məktəblərini misal gətirmişdir. Səfir vurğulamışdır ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri təkcə Azərbaycan mədəniyyətinə deyil, həm də Şərq mədəniyyətinə töhfələr vermiş böyük Azərbaycan sənətkarlarının vətənidir. Çıxışın yekununda Elşad İskəndərov tədbirin təşkilatçılığına görə İspaniyanın Milli Kitabxanasına bir daha minnətdarlığını bildirmişdir.
Təqdimatdan sonra keçirilmiş sual-cavab sessiyasında maraqlı fikir mübadiləsi aparılmış və iştirakçılara ingilis, fransız, ərəb, ispan və italyan dillərində nəşr olunmuş kitabın nüsxələri təqdim edilmişdir.