2023-05-22

İspaniyanın paytaxtı Madrid şəhərində yerləşən Kral Botanika Bağına "Xarı bülbül" çiçəyi hədiyyə edilib.

 

May ayının 3-də Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində Azərbaycandan gətirilmiş Qarabağın rəmzi "Xarı bülbül" çiçəyinin İspaniya tərəfinə  hədiyyə edilməsi məqsədilə ölkənin mötəbər Madrid Kral Nəbatat Bağının (Real Jardín Botánico de Madrid) direktoru Esteban Manrikin iştirakı ilə təqdim etmə mərasimi keçirilmişdir.

İlk olaraq, Səfir qarşı tərəfə “Xarı bülbül” gülünün Azərbaycan xalqı üçün məxsusi dəyəri, onun ölkəmizin zəngin tarixi və mədəniyyətini təmsil edən simvol olması haqqında məlumat vermişdir. “Xarı bülbül”ün mənşəyinə toxunan səfir, gülün Azərbaycanın dilbər guşələrindən olan Qarabağ ərazisində, xüsusilə Şuşa şəhərinin ətrafındakı yamaclarda geniş yayıldığını diqqətə çatdırmışdır.

Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətinə toxunan Səfir “Xarı bülbül” gülünün İspaniya tərəfinə hədiyyə edilməsini ölkələrimiz arasında olan dostluq və əməkdaşlıq münasibətlərinə töhfə verən simvol kimi xarakterizə etmişdir. O, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalına son qoyan II Qarabağ müharibəsindən sonra xalqımızın “Zəfər simvolu”na çevrilmiş bu gülün Cənubi Qafqaz regionunda uzun illərdir gözlənilən sülh, rifah və əmin-amanlıq carçısı olmasından danışmışdır. Səfirin sözlərinə görə, “Xarı bülbül” Azərbaycanın bütün dünyaya verdiyi sülh mesajını təcəssüm etdirir və Azərbaycan xalqı bu gülü özünün azadlıq, sevinc və zəfər rəmzi kimi simvollaşdırır.

Daha sonra, Səfir öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət, Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən və onun xalqımızın milli sərvəti olan zəngin və çoxşaxəli irsindən söz açaraq bildirmişdir ki, bütün həyatını Cənubi Qafqaz regionunda davamlı sülhün əldə olunmasına həsr etmiş dahi şəxsiyyət H.Əliyevin 100 illik yubileyi ərəfəsində Ulu öndərin sülhpərvər siyasətinin tərənnümü qismində Azərbaycanın sülh rəmzi – “Xarı bülbül” gülünün ispan tərəfinə təqdim olunması təsadüfi deyil.

İspaniya Kral Nəbatat Bağının direktoru E.Manrik hədiyyə üçün Azərbaycan tərəfinə minnətdarlığını bildirirək “Xarı bülbül”ün bitməsi üçün bütün lazımi şəraitin yaradılaraq rəhbərlik etdiyi kollektivin əlindən gələni əsirgəməyəcəyinə söz vermişdir. O, valehedici zərifliyə malik “Xarı bülbül” gülünün nəbatat bağının ən gözəl eksponatlarından biri olacağına inandığını əlavə etmişdir.

Məlumat üçün qeyd edək ki, Kral Fernando VI tərəfindən 17 oktyabr 1755-ci il tarixində verilmiş sərəncamla Manzanares çayı yaxınlığında yaradılmış İspaniyanın Kral Nəbatat Bağı möhtəşəm biomüxtəlifliyi bir araya gətirən canlı muzeydir. Bağ sonradan 1781-ci ildə hazırki yerinə - Təbiət Elmləri Muzeyinin yanındakı “Paseo del Prado”ya köçürülüb. Bağda dünyanın bir çox regionlarından 5500-dən çox flora nümunəsinə rast gəlmək olar.

 

 

Arxiv üzrə axtarış