2024-10-21

Azərbaycanın COP29 Sədrliyi

Azərbaycan ətraf mühitin mühafizəsinə və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi önəm verir və bu istiqamətdə mühüm işlər görür. Dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üzrə yekdil qərarla ölkəmizin ev sahibi seçilməsi bunun bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu, beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmətinin və etimadının göstəricisidir.

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasında, Petersberq İqlim Dialoqunda, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda, “Şanxay Əməkdaşlıq Təşkilatı plyus” formatında tədbirdə, Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə, 2-ci Şuşa Qlobal Media Forumunda və digər mühüm tədbirlərdə çıxışlarında, eləcə də televiziya kanallarına müsahibələrində səsləndirdiyi fikirlərlə COP29 Sədrliyinin arxitekturasını müəyyən etmişdir.

Bu baxışın məğzi ondan ibarətdir ki, neft və qaz ehtiyatları ilə zəngin olmaq ölkələrin günahı deyil.

Prezident İlham Əliyev inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin iqlim dəyişmələrində bir-birini ittiham etmək, günahlandırmaq əvəzinə öz imkanları daxilində iqlim problemlərinin həllinə töhfə verməli olduğunu vurğulamışdır.

“Yaşıl dünya naminə həmrəy olaq!” şüarı ilə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında iqlim dəyişmələrinə qarşı mübarizə kimi mühüm qlobal məsələdə nümunəvi liderlik nümayiş etdirən ölkəmiz bütün dövlətləri yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirməyə çağırır.

COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə 2023-cü il dekabrın 15-də keçirilmiş müşavirədə Prezident İlham Əliyev hazırlıq işlərinə dərhal başlanılması ilə bağlı tapşırıqlar vermişdir.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 yanvar tarixli Sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-un müəyyən edilmiş prezidenti təyin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli Sərəncamı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılmışdır. 2024-cü il 19 yanvar və 2024-cü il 22 fevral tarixli sərəncamlarla Təşkilat Komitəsinin tərkibi daha da genişləndirilmişdir.

Təşkilat Komitəsi COP29-a hazırlıq işlərinin səmərəli təşkili və gündəlikdə duran məsələlər üzrə müzakirələrin aparılması məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyevin rəhbərliyi ilə mütəmadi iclaslar keçirir.

COP29 Tədbirlər Planı qəbul edilmiş və müvafiq dövlət qurumları tərəfindən icra olunur.

2024-cü il 11-22 noyabr tarixlərində Bakı Olimpiya Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbir olacaq və regionda ilk dəfə Azərbaycanda baş tutacaq. Artıq Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında “Ev Sahibi Ölkə Sazişi” və digər mühüm sənədlər imzalanmışdır.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti 12-13 noyabr tarixlərində təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülmüşdür. Bununla yanaşı, təşəbbüslərdən biri kimi İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması nəzərdə tutulur.

Azərbaycan Respublikası Prezidentinin vurğuladığı kimi, COP29 sülh prosesinin nəticəsidir və bu xüsusda, ölkəmizin COP29 Sədrliyinin təşəbbüslərindən biri “COP atəşkəsi” olacaq.

COP29 Sədrliyi dövründə iqlim dəyişmələrinin mənfi təsirlərindən ən çox əziyyət çəkən kiçik ada dövlətlərinin problemlərinə də diqqət yetiriləcək, onların səsinin eşidilməsi üçün səylər göstəriləcək və COP29-da iştirak etmələri üçün onlara maliyyə dəstəyi göstəriləcəkdir. Bu mövqe həm Azərbaycan Respublikası Prezidentinin Millətlər Birliyi Təşkilatının (Commonwealth) baş katibi, Tuvalunun general-qubernatoru, Tonqanın Baş naziri və Baham Adalarının xarici işlər naziri ilə görüşləri, həm də Antiqua və Barbudada keçirilmiş inkişaf etməkdə olan kiçik ada dövlətlərinin beynəlxalq konfransına müraciətində bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qərardan sonra müxtəlif ölkələr, beynəlxalq təşkilatlar və digər xarici tərəf müqabilləri Azərbaycanla bu sahədə sıx əməkdaşlıq etmək arzularını ifadə etmişdir. Bu xüsusda, müvafiq beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq aparılır.

COP29-un uğurla təşkil edilməsinə dəstək məqsədilə bir sıra nüfuzlu şəxslərdən ibarət COP29 Beynəlxalq Məşvərət Komitəsi yaradılmışdır və Komitənin iclasları keçirilir.

Eyni zamanda, iqlim dəyişmələrinin yaratdığı problemlərin həllində elmi əməkdaşlığın təşviq edilməsi məqsədilə dünyanın aparıcı universitet və beyin mərkəzlərindən tanınmış alimləri və ekspertləri bir araya gətirən COP29 Elmi Şurası yaradılmışdır və Şura tərəfindən müvafiq mövzu üzrə iclaslar təşkil edilir.

COP29-un müəyyən edilmiş prezidentinin heyəti COP29-un uğurlu təşkili və iqlim danışıqlarını irəli aparmaq istiqamətində səmərəli fəaliyyət göstərir. COP29 zamanı qəbul edilməsi gözlənilən iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfinə dair qərarın razılaşdırılması üçün müxtəlif ölkələr ilə çoxsaylı məhsuldar görüşlər keçirilir, bütün tərəflərlə konstruktiv dialoq aparılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz COP29 zamanı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq, konsensusa nail olmaq və COP29-un uğur hekayəsinə çevrilməsi üçün səylərini əsirgəməyəcək.

COP29-la bağlı ətraflı məlumat www.cop29.az saytından əldə edilə bilər.

Arxiv üzrə axtarış