Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumlarından biri olan Ümumdünya Turizm Təşkilatı (UNWTO) 1 noyabr 1974-cü ildə təsis edilmişdir. Təşkilatın mənzil-qərargahı İspaniyanın paytaxtı Madrid şəhərində yerləşir. Ölkəmiz 29 sentyabr 2001-ci il tarixindən etibarən UNWTO-nun tam hüquqlu üzvüdür.
Ötən dövr ərzində Azərbaycan Respublikası turizm sahəsində aparıcı beynəlxalq təşkilat olan UNWTO ilə uğurlu əməkdaşlıq əlaqələri qurmuş, ölkəmizin turizm potensialı, Azərbaycanda turizm sektorunun inkişafı sahəsində dövlətimiz tərəfindən görülən işlər və həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər UNWTO çərçivəsində geniş şəkildə təbliğ olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə turizm sahəsində həyata keçirilən islahatların, dövlətimizin beynəlxalq turizm məkanında qazandığı nailiyyət və etimadın nəticəsi olaraq, Azərbaycan 2013-2017 və 2017-2021-ci illər üzrə UNWTO İcraiyyə Şurasının, habelə, 2019-2021-ci illər üzrə Assosiativ Üzvlük Müraciətlərinə Baxılması üzrə Komitəsinin üzvü seçilmişdir. İcraiyyə Şurasının 2017-ci ildə Madrid şəhərində keçirilmiş 105-ci sessiyasına sədrlik Azərbaycana həvalə edilmiş və ölkəmiz qeyd olunan sessiyaya uğurla sədrlik etmişdir. Hazırda Azərbaycan İcraiyyə Şurasının 2023-2025-ci illər üzrə üzvü funksiyasını yerinə yetirir.
Bununla yanaşı, İcraiyyə Şurasının “İrsimizi qoruyaq: sosial, mədəni və ekoloji davamlılıq” mövzusunda 110-cu sessiyası sessiyası 2019-cu ilin 16-18 iyun tarixlərində Bakı şəhərində müvəffəqiyyətlə baş tutmuşdur. Tədbirdə dünyanın 37 ölkəsindən və bir sıra beynəlxalq təşkilatdan turizm sahəsi üzrə yüksək səviyyəli nümayəndələr iştirak etmişlər.
2011-ci ilin 8-14 oktyabr tarixlərində Azərbaycan nümayəndəsi Cənubi Koreyanın Qyeonqcu şəhərində keçirilmiş UNWTO-nun 19-cu sessiyasının vitse-prezidenti vəzifəsinə seçilmişdir.
2013-cü ildə UNWTO Baş Assambleyasının 20-ci iclasında Azərbaycan Təşkilatın İcraiyyə Şurasına 2013-2017-ci illər üçün üzv seçilmişdir. İcraiyyə Şurasının 104-cü sessiyası zamanı Azərbaycan 2017-ci il üçün Təşkilatın İcraiyyə Şurasının sədri vəzifəsinə seçilmişdir. Baş Assambleyanın 22-ci sessiyası zamanı Azərbaycan 2018-ci il üçün yenidən İcraiyyə Şurasına seçilmişdir. UNWTO-nun Avropa üzrə Regional Komissiyasının 64-cü iclasında Azərbaycan Ümumdünya Turizm Təşkilatının 2019-2021-ci illər üzrə Assosiativ Üzvlük Müraciətlərinə Baxılması üzrə Komitəsinin üzvü seçilib.
Azərbaycan UNWTO-nun “Turizm naminə qlobal liderlər” kompaniyasına və “Bir milyard imkan, bir milyard turist” təşəbbüsünə qoşulmuşdur. UNWTO öz növbəsində “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin tərtib edilməsində texniki yardım göstərmişdir.
Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyası 2019-cu ilin 16-18 iyun tarixlərində Bakıda keçirilmişdir. Tədbirdə dünyanın 37 ölkəsindən və bir sıra beynəlxalq təşkilatdan turizm sahəsi üzrə yüksək səviyyəli nümayəndələr iştirak etmişlər.
5 iyun 2025-ci il tarixində BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının (CEU) Bakı şəhərində keçirilən 71-ci sessiyası çərçivəsində Azərbaycan Respublikası bir daha təşkilatın İcraiyyə Şurasının 2025-2029-cu illər üzrə üzvlüyünə seçilib.
BMT-Turizmin İcraiyyə Şurası 35 üzv ölkədən ibarət təşkilatın əsas idarəedici orqanıdır. Şura bir çox məsələlərlə yanaşı təşkilatın Baş katibinin seçilməsi, strategiya və planlarının həyata keçirilməsi, funksionallığının və qərarlarının icrasının təmin edilməsi kimi əhəmiyyətli istiqamətlərə məsuldur.
Ölkəmizlə UNWTO arasında mövcud olan sıx və yüksələn xətt üzrə inkişaf edən əməkdaşlıq əlaqələrinin təzahürü kimi təşkilatın keçmiş Baş katib Taleb Rifainin (2010-2017) və hazırkı Baş katib Zurab Pololikaşvilinin (2018 - ) dəfələrlə ölkəmizə səfərlər həyata keçirməsini, bu səfərlər zamanı təşkilatın nümayəndə heyətlərinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilməsini, eləcə də 2017-ci ildə həmin dövr üçün UNWTO-nun Baş katibi olmuş Taleb Rifainin Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən “Dostluq” ordeni ilə təltif olunmasını qeyd etmək olar.