Səfirin Müraciəti
Səfirin Müraciəti
Hörmətli ziyarətçilər,
Azərbaycan Respublikasının İspaniya Krallığındakı və Andorra Knyazlığındakı Səfirliyinin internet saytına xoş gəlmisiniz. Saytımız Azərbaycan, İspaniya və Andorra arasında yüksək səviyyədə olan ikitərəfli münasibətləri obyektiv görüntüsünü əks etdirmək üçün hazırlanmışdır.
Mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşən Azərbaycan özündə qədim İpək Yolunun dəyərli tarixi-memarlıq irsini və mədəni və dini müxtəlifliyi ehtiva edir.
1918-ci il 28 may tarixində yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli respublika olmuşdur. Elə həmin il, əksər Qərb ölkələrindən daha öncə, Azərbaycanda qadınlara səsvermə hüququ verilmiş, etnik mənsubiyyətindən, dinindən və cinsindən asılı olmadan bütün ölkə vətəndaşları ölkənin çoxpartiyalı parlamentində təmsil olunmaq imkanı əldə etmişlər.
Azərbaycan xalqının onilliklər boyu azad və müstəqil dövlətdə yaşamaq arzusu, nəhayət, 1991-ci il oktyabrın 18-də müstəqilliyin bərpasına gətirib çıxarmışdır. 1992-ci il 2 mart tarixində Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının tamhüquqlu üzvünə çevrilmişdir.
Bu gün Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmətə əsaslanan mehriban qonşuluq münasibətlərini inkişaf etdirir. Ölkə regional sülhə və Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə töhfə verir. Cənub Dəhlizi yalnız Avropa İttifaqına yeni təbii qaz mənbələrinə çıxışı təmin etmir, eyni zamanda alternativ qaz idxal marşrutlarının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
2020-ci ildə Azərbaycan beynəlxalq hüququn qələbəsinə nail olmuş və BMT təşkilatının müvafiq qətnamələrini icra edərək, öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etmişdir. Hazırda yüz minlərlə azərbaycanlı öz evlərinə qayıdır. Yeni reallıqlar azad edilmiş bölgədə bütün logistik kommunikasiyaların açılması üçün əlverişli şərait yaratmışdır. Bu baxımdan, məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə hava limanlarının tikintisi də daxil olmaqla yenidənqurma və bərpa işlərini fəal şəkildə həyata keçirir.
Hörmətli qonaqlar,
Sizi zəngin mədəniyyətdən, füsunkar təbiətdən, ecazkar musiqidən, dadlı mətbəxdən və ən əsası insanların qonaqpərvərliyindən zövq almaq üçün Azərbaycana dəvət edirik. Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf edən bu əlamətdar 2022-ci ildə sizin tədbirlərimizdə salamlamağı səbirsizliklə gözləyirik.
Hörmətlə,
Ramiz HƏSƏNOV
Azərbaycan Respublikasının İspaniya Krallığında və
Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri