Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı

 

1. Nikahın qeydə alınması

Xarici ölkələrdə Azərbaycan Respublikası vətəndaşının (vətəndaşlarının) nikahın qeydə alınması üçün aşağıdakı sənədlər Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına (konsulluqlara) təqdim edilməlidir:

  1. nikaha daxil olmaq istəyən şəxslərin yazılı razılığı ƏRİZƏ;
  2. nikaha daxil olmaq istəyən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər və onların surəti;
  3. xarici ölkədə daimi və ya müvəqqəti yaşamasını təsdiq edən sənəd;
  4. subaylıq haqqında arayış;
  5. nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış;
  6. dövlət rüsumunun ödənilməsi barədə qəbz (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.3-cü maddəsinə əsasən, nikahın qeydə alınması və və bu barədə şəhadətnamənin verilməsinə görə 10 ABŞ dolları məbləğində dövlət rüsumu müəyyən olunmuşdur və günlük məzənnəyə uyğun olaraq EURO ilə ödənilə bilər);
  7. əvvəllər nikahda olmuş şəxslər - nikahın pozulması haqqında şəhadətnamə (surətini) və ya ərinin (arvadının) ölümü şəhadətnamə (surətini), yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya ondan çıxarış (yalnız əvvəllər nikahda olmuş şəxslər);
  8. Konsulluq rüsumu Səfirliyin bank hesabına (CaixaBank, ES86 2100 2284 3007 0001 0347) köçürülməli və ödəniş qəbzi digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir.

Müraciət edilməsi qaydası.

Nikaha daxil olmağı arzu edən Azərbaycan Respublikası vətəndaşı (vətəndaşları) konsulluqlara şəxsən ərizə ilə müraciət etməlidirlər. Səfirliyin konsulluq bölməsinə müraciət üçün  https://appointment.mfa.gov.az portalı vasitəsilə qeydiyyatdan keçərək görüş tarixi və saatı təyin etmək vacibdir. 

Müraciətə baxılma müddəti.

Nikah konsulluq tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə bu barədə ərizə verildiyi gündən 1 aydan tez olmayaraq bağlanır.

 

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən nikahın bağlanmasına mane olan hallar aşağıdakılardır:

"Maddə 12. Nikahın bağlanmasına mane olan hallar

 12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:

12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);

12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər;

12.0.2-1. qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları; (Bu maddə 2025-ci il iyulun 1-dən qüvvəyə minir.)

12.0.2-2. bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu; (Bu maddə 2025-ci il iyulun 1-dən qüvvəyə minir.)

12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;

12.0.3-1. bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;

12.0.3-2. ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər;

12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.

 

 

2. Nikahın pozulmasının qeydə alınması 

Nikahın pozulmasının dövlət qeydiyyatı aşağıdakı sənədlər əsasında həyata keçirilir:

  1. nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;
  2. yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın nikahın pozulması haqqında birgə verdikləri ərizə;
  3. məhkəmə qaydasında itkin düşmüş hesab edilən, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən və ya cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunan şəxslə nikahın pozulması haqqında ər və ya arvadın birinin ərizəsi;
  4. məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi.

Nikahın məhkəmə qaydasında və ya konsulluq tərəfindən pozulması halları.

Nikah aşağıdakı hallarda məhkəmə qaydasında pozulur:

  1. ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda;
  2. ər (arvad) nikahın pozulmasına razı olmadıqda;
  3. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri konsulluqda nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.)

Nikah ərin (arvad) və ya onların hər ikisinin, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında konsulluqlar tərəfindən pozula bilər. 

Nikah aşağıdakı hallarda yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) birinin ərizəsi əsasında konsulluqlar tərəfindən pozulur:

  1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;
  2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
  3. ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətində azadlıqdan məhrum olunduqda.

Nikah konsulluqda pozulduqda - nikahın pozulmasının dövlət qeydiyyatına alındığı gündən; məhkəmə qaydasında pozulduqda - bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır.

Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir.Bu halda nikahın pozulmasının dövlət qeydiyyatı aparılmır.

Ər-arvaddan birinin ərizəsi üzrə nikahın pozulmasının qeydə alınması qaydaları

Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ər (arvad) ərizə ilə nikahın pozulması məqsədilə konsulluğa müraciət edə bilər. Həmin ərizədə aşağıdakı sənədləri əlavə etməli və məlumatları bildirməlidir:

  1. aşağıda qeyd olunan sənədlərdən birini 
  • arvadın (ərin) xəbərsiz itkin düşmüş hesab edilməsinə dair məhkəmə qətnaməsini;
     
  • ruhi xəstəlik, yaxud kəmağıllıq nəticəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsini;
     
  • arvadın (ərin) azı 3 il müddətinə azadlıqdan məhrum edilməyə məhkum olunduğu barədə hökmdən çıxarışı. 
  1. 40 ABŞ dollar məbləğində konsulluq rüsumu Səfirliyin bank hesabına (CaixaBank, ES86 2100 2284 3007 0001 0347) köçürülməli və ödəniş qəbzi digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq Şöbəsinə təqdim edilmədir.
  2. azadlıqdan məhrumetmə növündə cəza çəkən ərin (arvadın) və ya fəaliyyət qabiliyyəti olmayan ərin (arvadın) qəyyumunun, yaxud xəbərsiz itkin düşmüş hesab edilən ərin (arvadın) əmlakı üzərində qəyyumluq edənin ünvanını.

Nikahı pozmaq haqqında ərizə təqdim edildikdə, konsulluq tərəfindən aşağıdakı hallarda nikahın pozulması ərizə verilən gün ərizəçinin iştirakı ilə qeydə alına bilər: 

1) ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;

2) ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

3) ər (arvad) törətməyə görə ən azı 3 il müddətində azadlıqdan məhrum olunduqda.

Yuxarıda qeyd olunan hallarda nikahı pozmaq üçün ərizə ilə konsulluğa müraciət edən ər (arvad), nikahdan əvvəlki soyadını daşımaq arzusunda olduğunu ərizədə göstərir. 

 

Arxiv üzrə axtarış