2016-11-07

Azərbaycan ilə İspaniya arasında informasiya mübadiləsi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

AZƏRTAC və İspaniyanın EFE agentliyi arasında əməkdaşlıqla bağlı imzalanacaq sənəd informasiya mübadiləsinə böyük təkan verəcək

Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov bu ölkənin ən nüfuzlu xəbər agentliyi olan EFE-nin prezidenti Xose Antonio Vera ilə görüşüb.

Görüşdə Azərbaycan və İspaniya arasında informasiya mübadiləsi, həmçinin Azərbaycanın ispan mətbuatında təbliği məsələləri müzakirə olunub.

Səfir bəzən yerli mətbuatda Azərbaycan əleyhinə yayılan və qərəzli mövqe daşıyan yazılardan narahatlığını ifadə edib. Belə yazıların həqiqətləri əks etdirmədiyini deyən A.Məhərrəmov ölkəmizin reallıqlarının İspaniya ictimaiyyətinə çatdırılmasında EFE-nin də dəstəyinin vacibliyini qeyd edib.

Anar Məhərrəmov noyabrın 16-17-də dünyanın 100-dən çox xəbər agentliyinin rəhbərlərinin iştirakı ilə Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresindən danışıb, tədbir çərçivəsində AZƏRTAC və EFE arasında qarşılıqlı əməkdaşlıq barədə sənədin imzalanacağından məmnunluğunu bildirib. Səfir bu sənədin ölkələrimiz arasında informasiya mübadiləsinə böyük təkan verəcəyini vurğulayıb.

Xose Antonio Vera onun dəvətini qəbul edərək EFE-yə gəldiyi üçün Anar Məhərrəmova təşəkkür edib. Azərbaycana ilk dəfə səfər edəcəyindən məmnunluğunu ifadə edən EFE-nin prezidenti səfəri çərçivəsində AZƏRTAC ilə sözügedən sənədin imzalanacağını, bununla da Azərbaycan və İspaniya arasında informasiya mübadiləsinin genişlənəcəyini deyib.

Görüşdən sonra Xose Antonio Vera Anar Məhərrəmovu EFE-nin binası və xüsusi yaradılmış muzeyi ilə tanış edib.


 

Arxiv üzrə axtarış