2016-12-12

Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilir

Ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasından 13 il ötür. Bu itki yalnız cismanidir. Mənən isə Heydər Əliyev yenə xalqı ilə birlikdədir, öz parlaq ideyaları ilə yollarımızı işıqlandırmaqdadır. Qurduğu dövlət zamanın ən çətin sınaqlarına davam gətirə biləcək qədər güclü və qüdrətlidir. Ötən illər bu həqiqəti dönə-dönə təsdiqləyib.

Heydər Əliyev fenomeni təkcə bir məkanla, Azərbaycanla məhdudlaşmır. O, hələ sağlığında əfsanələşən nadir şəxsiyyətlərdən biridir. Biz dünyanın məşhur simalarının – dövlət xadimlərinin, siyasətçilərin, elm, ədəbiyyat və incəsənət adamlarının bu dahi şəxsiyyət haqqında necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik. Heydər Əliyev siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik yenilməz şəxsiyyət kimi səciyyələndirilir.

O, siyasət olimpini fəth etmiş nadir insanlardandır. Zirvəyə yol ötən əsrin 70-ci illərindən başlayıb, Azərbaycanı XX əsrdən XXI əsrə adladıb. Heydər Əliyev zəkası məkan və zaman anlayışı tanımayıb. Naxçıvanda sadə bir ailədə dünyaya gələn Heydər Əliyevin siyasət olimpinə yolu təlatümlərdən, çətin sınaqlardan, aramsız mübarizələrdən keçib. Heydər Əliyev ömrü insan ruhunun qüdrətinə, yenilməzliyinə, qalib gəlmək əzminə parlaq nümunədir. Ulu Öndərin anım günündə onun keçdiyi ömür yolu kitab kimi vərəqlənir, xatirələr dilə gəlir.

Bu dahi şəxsiyyətin xalqı qarşısında digər müstəsna xidməti İlham Əliyev kimi oğul yetişdirməsi, özündən sonra layiqli varis qoymasıdır. Artıq 13 ildir ki, Prezident İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, praqmatik siyasəti ilə ölkəmizi daha da irəli aparır. Xalq dövlətin sükanının etibarlı əllərdə olduğuna əmindir, öz liderinə inanır və onun arxasınca gedir.

 

Arxiv üzrə axtarış