2019-cu ilin 23-27 yanvar tarixində Madrid şəhərində keçirilən növbəti “FITUR-2019” beynəlxalq turizm sərgisində ölkəmiz uğurla təmsil olunur
2019-cu ilin 23 yanvar tarixində Madrid şəhərində növbəti “FITUR” beynəlxalq turizm sərgisi öz işinə başlamışdır. Artıq 39 ildir ki təşkil olunan bu mötəbər beynəlxalq turizm sərgisi adıçəkilən sektorda fəaliyyət göstərən mütəxəssislər üçün qlobal görüşmə nöqtəsi hesab olunur və İbero-Amerika bazarlarına çıxış baxımından əhəmiyyətli rola malikdir.
Bu il keçirilən “FITUR-2019” beynəlxalq turizm sərgisi zamanı iştirakçıların sayında yeni rekord müşahidə edilib: 165 ölkə və regiondan 10 min 487 şirkət tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçib.
“FITUR” beynəlxalq turizm sərgisində ölkəmiz Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin təşkilatçılığı və ölkəmizin İspaniya Krallığındakı Səfirliyinin dəstəyi ilə uğurla təmsil olunur. Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın yeni turizmin brendi (“Bir daha bax” (“Take another look”) şüarı və brendin mahiyyətini özündə tərənnüm etdirən loqo) altında stendlərimizdə ölkəmizin turizm potensialı, sözügedən sektorun inkişafı, müasir texnologiyalarının tətbiqi, habelə mövcud turizm infrastrukturu və bu sahədə təklif olunan xidmətlər barədə video çarxlar, məlumat kitabçaları, broşürlər, nəfis tərtibata malik təbliğat materialları sərgi iştirakçılarına təqdim olunur.
Milli stenddə həmçinin, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Səfirlik tərəfindən çap etdirilmiş, İspaniyada istifadə edilən xüsusi poçt markaları, ispan dilində İmadəddin Nəsiminin yaradıcılığını əks etdirən məlumat kitabçaları, həmçinin Azərbaycanın qədim xalçaçılıq ənənələrini ehtiva edən təbliğat materialları nümayiş etdirilir. Tədbir zamanı Azərbaycan pavilyonu sərgi iştirakçılarının böyük marağına səbəb olub.
Sərgidə iştirak edən Ermənistan tərəfi növbəti dəfə təxribatlara əl ataraq, erməni şirkətlərinə məxsus stendlərdə işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma qurumun təbliğinə yönəlmiş müxtəlif məlumat və xəritələri üstüörtülü şəkildə nümayiş etdirməyə cəhd etmişdir. Dövlət Turizm Agentliyi və ölkəmizin İspaniya Krallığındakı Səfirliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilərək, “FITUR” beynəlxalq turizm sərgisinin əsas təşkilatçısı kimi çıxış edən “IFEMA”-nın İcraiyyə Komitəsinin Prezidenti Klemente Qonsales Soler ilə dərhal görüş keçirilmişdir. “IFEMA”-nın Prezidenti ilə keçirilmiş görüş zamanı Ermənistan tərəfinin təxribatının yolverilməzliyi, “FITUR” beynəlxalq turizm sərgisi zamanı bu cür əməllərə əl atılmasının “FITUR”un əsas məqsədi olan əməkdaşlıq və turizmin davamlı inkişafı mühitinə mənfi təsir göstərdiyi, eyni zamanda, Ermənistanın növbəti dəfə beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərinə məhəl qoymadan həyata keçirdiyi təxribatın “FITUR”-un “Bələdçi Kitabçası”na birbaşa zidd olduğu diqqətə çatdırılmışdır. Deyilənlərin sübutu kimi Ermənistan şirkətlərinin stendlərindən əldə olunmuş, üstüörtülü şəkildə paylanan broşürlər əyani şəkildə K.Qonsales Solerə təqdim edilmişdir.
“IFEMA”-nın İcraiyyə Komitəsinin Prezidenti K.Qonsales beynəlxalq sərgidə belə bir xoşagəlməz faktın baş verməsindən təəssüfləndiyini bildirmiş, bu cür təxribatların “FITUR” beynəlxalq turizm sərgisinin işinə kölgə salmaq niyyəti daşıdığını qeyd edərək, məsələ ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görüləcəyini, Ermənistan şirkətlərinə bu cür təxribat yönümlü broşürlərin paylanmasına görə ciddi xəbərdarlıq edilərək, onların dərhal stendlərdən uzaqlaşdırılmasına dair göstəriş vermişdir.
Keçirilən görüşün və görülən digər təxirəsalınmaz tədbirlərin nəticəsi olaraq, Ermənistan şirkətləri tərəfindən təxribat yönümlü materialların yayılmasının qarşısı alınmış, onlar stendlərdən uzaqlaşdırılmış, belə halın bir daha təkrar olunacağı təqdirdə, həmin stendlərin bağlanacağına dair “IFEMA”-nın İcraiyyə Komitəsi tərəfindən Ermənistan şirkətlərinə şiddətli xəbərdarlıq edilmişdir.
“FITUR-2019” beynəlxalq turizm sərgisi öz işini 27 yanvar tarixinədək davam etdirəcək.