2019-04-01

Barselona şəhərində Erməni təxribatına qarşı Azərbaycanlıların etiraz aksiyası keçirilib

Cari ilin 31 mart tarixində İspaniyada yaşayan soydaşlarımız Barselona şəhərində bir qrup erməni təşkilatı tərəfindən təşkil olunmuş “Artsax müharibəsinin qəhrəmanları” adlı təxribat xarakterli konsertin keçirildiyi binanın qarşısında etiraz aksiyası təşkil etmişlər. Etiraz aksiyasında iştirak etmək üçün İspaniyanın müxtəlif regionlarından, o cümlədən Barselona, Madrid, Valensiya, San-Sebastian şəhərlərindən, habelə Fransadan gəlmiş həmvətənlərimiz Azərbaycan bayraqlarını,“31 mart- Azərbaycanlıların Soyqırımı Günü”, “Qarabağ Azərbaycanın döyünən ürəyidir”, “Qarabağ Azərbaycana məxsusdur” şüarlarını nümayiş etdirərək Ermənistanın işğalçılıq siyasətini, ermənilərin növbəti təxribat əməlini üzə çıxararaq, həmin əməlləri şiddətlə qınamışlar.

Bundan hiddətlənən bəzi “konsert iştirakçıları”nın asayişi qoruyan polis əməkdaşlarına soydaşlarımızın etiraz aksiyasını şikayət etmələrinə, hətta qondarma “dağlıq qarabağ respublikası”nın bayrağını göstərməyə belə cəhd etmələrinə baxmayaraq, heç bir halda istədiklərinə nail ola bilməmişlər.

Aksiyaya toplaşan həmvətənlərimiz harada olmalarından asılı olmayaraq erməni təxribatına qarşı çıxmağa hazır olduqlarını, ölkəmizin milli mənafelərinin qorunması baxımından bu cür təxribat əməllərinin qarşısının alınmasında hər zaman birlik nümayiş etdirərək səfərbər olacaqlarını qeyd etmişlər.

 

 

 

Arxiv üzrə axtarış