2019-07-09

Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş VI müşavirənin iştirakçılarına müraciəti

Hörmətli müşavirə iştirakçıları!

Sizi salamlayır və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə təbrik edirəm.

Şərqdə, müsəlman dünyasında ilk parlament respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında İstiqlal Bəyannaməsində təsbit olunduğu kimi, bütün millətlərlə dost münasibətlər yaratmaq Cümhuriyyətin xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdi.

Ötən il 100 illik yubileyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi qısa müddət ərzində böyük işlər görə bilmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın 1919-cu ildə qəbul edildiyi tarix - iyulun 9-u Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir. Bu gün həmin tarixdən düz 100 il keçir.

Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası da Azərbaycan Xalq Cümhuriyyətinin üzləşdiyi çətinliklərlə qarşılaşmışdı. Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları və torpaqlarımızın işğalı, mürəkkəb siyasi proseslər, sosial-iqtisadi problemlər müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasının taleyini sual altına qoymuşdu.

1993-cü ilin iyununda xalqın israrlı tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı tariximizdə dönüş nöqtəsi oldu. Heydər Əliyev Azərbaycanı o ağır vəziyyətdən qurtararaq inkişaf yoluna çıxardı, ölkəmiz bütün sahələrdə inamla irəliyə doğru addımlamağa başladı və xarici siyasət strategiyamızın təməl prinsipləri müəyyən olundu. Ötən dövr ərzində biz güclü, qüdrətli dövlət qura bildik və bu gün biz əminliklə deyə bilərik ki, Azərbaycan dövləti heç vaxt indiki kimi güclü olmamışdır.

Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan, beynəlxalq aləmdə böyük nüfuza malik olan bir ölkədir. Bizimlə əməkdaşlıq edən ölkələrin sayı daim artır. Biz dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etmişik. Biz bütün digər aparıcı beynəlxalq təşkilatlarla çox sıx əməkdaşlıq edirik. Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi tanınır, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir və buna görə də ölkəmizə böyük hörmət və rəğbətlə yanaşırlar.

Ölkəmizin xarici siyasəti uğurlu daxili siyasətimizin davamıdır. Müstəqilliyimizin möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin beynəlxalq birliyin fəal üzvünə çevrilməsində diplomatlarımızın, diplomatik xidmət orqanlarımızın müstəsna xidmətləri var.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə son qoyulması, işğal olunmuş ərazilərimizin azad edilməsi və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi xarici siyasətimizin gündəliyində duran ən vacib məsələdir. Ardıcıl diplomatik səylərimiz nəticəsində beynəlxalq ictimaiyyət ölkəmizin ərazi bütövlüyü və suverenliyini, münaqişənin məhz bu prinsiplər əsasında həllini qətiyyətlə dəstəkləyir.

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Xarici İşlər Nazirliyinin, səfirliklərimizin və nümayəndəliklərimizin əməkdaşlarına, xarici siyasət sahəsində çalışan bütün şəxslərə bir daha ən səmimi təbriklərimi yetirir, Azərbaycanın milli maraqlarının qorunması, ölkəmizin beynəlxalq aləmdə layiqincə təmsil olunması və xarici siyasət xəttinin müvəffəqiyyətlə həyata keçirilməsi kimi məsul və şərəfli işdə uğurlar arzulayıram.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyul 2019-cu il.

Arxiv üzrə axtarış