2020-02-25

İspaniyanın paytaxtı Madrid şəhərində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı “Xocalıya ədalət!” kampaniyası çərçivəsində anım mərasimi keçirilib

Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin təşkilatçılığı ilə keçirilən mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin, İspaniya ictimaiyyətinin, Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov Xocalı soyqırımı barədə iştirakçılara ətraflı məlumat verərək, bu qətliamın təcavüzkar erməni millətçilərinin əsrlər boyu xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin nəticəsi olduğunu qeyd edib.

1918-ci il mart soyqırımına toxunan səfir A.Məhərrəmov, insanlığa qarşı yönəlmiş bu faciə nəticəsində 12 min azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarının kobud şəkildə pozulması ilə Azərbaycan ərazilərinin 20 faizinin işğal edildiyini, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayıb.

Səfir bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanlılara qarşı 1992-ci il 26 fevral tarixində Xocalı şəhərində törədilmiş soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilmiş, 1275 dinc sakin əsir götürülmüş, 155 nəfər itkin düşmüşdür.

Xocalı soyqırımına ilk dəfə olaraq hüquqi-siyasi qiymətin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini bildirən səfir Anar Məhərrəmov, 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti tərəfindən 26 fevral tarixinin “Xocalı soyqırımı günü” kimi qəbul edildiyini diqqətə çatdırıb.

Səfir A. Məhərrəmov diqqətə çatdırıb ki, dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı ilə bağlı müvafiq hüquqi və siyasi sənədlərin qəbul edilməsinə baxmayaraq, insanlıq əleyhinə olan bu cür ağır cinayətə beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməməsi təəssüf doğurur.

Səfir A. Məhərrəmov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası barədə məlumat verərək, kampaniyanın əsas məqsədinin Xocalıda baş verən soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Xocalı qurbanlarının xatirəsinin yad edilməsi olduğunu vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi olaraq vurğulanıb ki, fevral ayında təşkil olunmuş Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilmiş panel müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən münaqişənin tarixi, hüquqi aspektləri, beynəlxalq ictimaiyyətin mövqeyi və danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyi barədə ətraflı məlumat verilmişdir.

Ərazilərinin işğal altında olmasına baxmayaraq, Azərbaycanın bu gün regionda lider ölkəyə çevrildiyi, bir çox iri regional layihələrinin təşəbbüskarı və iştirakçısı olduğu qeyd edilib.

Daha sonra çıxış edən Türkiyənin İspaniyadakı Səfirliyinin müşavir-elçisi Selin Özaydın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq, Xocalı qətliamını törədənlərin cəzalandırılmasının, işğal edilmiş Azərbaycan torpaqlarının tezliklə azad olmasının vacibliyinə diqqəti çəkərək, Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu vurğulayıb.

Anım mərasimində çıxış edən “Patrimonio Actual” jurnalının direktoru, YUNESKO-nun Beynəlxalq Şurasının üzvü Xuan İqnasiyo Vesino Xocalı qətliamının XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu, beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarının, xüsusilə insan hüquqlarının kobudcasına pozularaq soyqırımı cinayətinin törədildiyini qeyd edib. Azərbaycan ərazilərinin işğalı zamanı vandalizm aktlarının törədilməsinə diqqəti çəkən X.İ.Vesino, işğal edilmiş ərazilərdə tarixi, dini, mədəni abidələrin dağıdıldığını nəzərə çatdırıb.

Çıxışlardan sonra “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hazırlanmış, müxtəlif dillərdə Xocalı soyqırımı ilə bağlı faktları və çağırışları özündə əks etdirən qısametrajlı filmlər nümayiş etdirilib.

Sonda qonaqlar Xocalı faciəsinə həs edilmiş fotosərgi ilə tanış olublar.

Tədbirdə nümayiş olunanlar iştirakçılar tərəfindən böyük kədər hissi ilə qarşılanmış, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı soyqırımı cinayəti qətiyyətlə pislənmişdir.

Anım mərasimi zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair və Xocalı soyqırımının dəhşətlərini əks etdirən kitab, jurnal, habelə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dərc olunmuş məlumat kitabçaları, broşürlər və posterlər tədbir iştirakçıları arasında yayılıb.

  

 

 

 

Arxiv üzrə axtarış