Vətəndaşlıq məsələləri
I.Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi
Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir.
Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı yazılı məlumatın verilməsi üçün aşağıdakı sənədləri Səfirliyimizin Konsulluq şöbəsinə təqdim etməlidir:
- Doldurulmuş Ərizə-anket (buradan yükləyə bilərsiniz)
- 2 ədəd 3x4 fotoşəkil
- Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun surəti
- Xarici dövlətin pasportunun surəti
Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir:
1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;
2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi;
3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı;
3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi;
3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi;
4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.
II. Azərbaycan Respublikası vətəndaşlığından çıxma
Azərbaycan Respublikası vətəndaşlığından çıxma şəxsin vəsatəti üzrə həyata keçirilə bilər.
Azərbaycan Respublikası vətəndaşlığından çıxma üçün aşağıdakı sənədlər tələb olunur:
1. Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə‐anket
2. 4 ədəd fotoşəkil (3x4 ölçüdə) ;
3. yaşayış yerindən ailə tərkibi haqqında arayış;
4. dövlət qarşısında icra edilməmiş öhdəliklərinin olmaması və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəliklərinin olmaması barədə müvafiq sənədlər;
5. 60 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Hesab nömrəsi: CaixaBank, ES86 2100 2284 3007 0001 0347
6. şəxsiyyəti təsdiq edən sənədin surəti.
7. hərbi biletin surəti
Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə‐anketi Azərbaycan Respublikası ərazisində yaşayan vətəndaşlar Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan vətəndaşlar isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya Konsulluq idarələri vasitəsi ilə Xarici İşlər Nazirliyinə təqdim edirlər.
Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs müttəhim kimi cinayət məsuliyyətinə cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən həmin şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə vəsatəti rədd edilə bilər.
Qeyd: Dövlət Rüsumu haqqında qanunun 16-cı maddəsinin 2.2-ci bəndinə əsasən vətəndaşlığa xitam verilməsi üçün vəsatətin rəsmilədirilməsinə görə 60 ABŞ dolları rüsum ödənilməlidir.