Qayıdış şəhadətnaməsinin verilməsi qaydaları.

Qayıdış şəhadətnamənin alınması üçün “Əsasnamə” ilə təsdiq olunmuş ərizə-anket doldurularaq (nümunəsi əlavə olunur - Əlavə №3 (Azərbaycan vətəndaşları üçün) və ya Əlavə №4 (Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün) Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna təqdim edilir. Konsulluq bölməsinə müraciət etmək üçün https://appointment.mfa.gov.az portalı vasitəsilə qeydiyyatdan keçərək görüş tarixi və saatı təyin etmək vacibdir. 

Şəhadətnamənin verilməsi haqqında ərizə-anketə aşağıdakı sənədlər və ya onların surətləri əlavə edilməlidir:

  • pasport yararsız hala düşdükdə və ya onun etibarlılıq müddəti bitdikdə - pasportun özü;
  • 2 (iki) ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə);
  • üzərində fotoşəkil olan aşağıdakı sənədlərdən biri - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, pasport, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bileti, Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi və ya şəxsiyyətini və ya vətəndaşlığını müəyyənləşdirən digər rəsmi sənədi;
  • Azərbaycan Respublikasının vətəndaşı ilə birgə gedən 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsi;
  • Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikası tərəfindən verilmiş şəxsiyyətini təsdiq edən digər rəsmi sənəd;
  • Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslə birgə gedən 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış uşağının doğum haqqında şəhadətnaməsi və ya Azərbaycan Respublikası tərəfindən verilmiş şəxsiyyətini təsdiq edən rəsmi sənəd;
  • dövlət rüsumunun ödənilməsi haqqında sənəd – 10 ABŞ dolları (CaixaBank, ES86 2100 2284 3007 0001 0347)

Qeyd: dövlət rüsumu günün məzənnəsinə uyğun olaraq avro ilə ödənilə bilər.

Dövlət rüsumu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU:

Maddə 17.7. Diplomatik və ya xidməti pasporta malik olan, xarici ölkələrdə təhsil alan (müvafiq təsdiqedici sənəd təqdim edildikdə), dövlət xətti ilə pedaqoji fəaliyyət göstərən, xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan, xarici ölkələrdən deportasiya, readmissiya, ekstradisiya edilən, insan alveri qurbanı olan, yaxud 18 yaşına çatmayan Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur. Bu maddənin birinci cümləsində göstərilən hallardan başqa digər hallarda xarici ölkədə ümumvətəndaş pasportunu itirmiş və ya həmin pasportu oğurlanmış Azərbaycan Respublikasının vətəndaşı bu barədə xarici ölkənin müvafiq polis orqanı tərəfindən verilmiş təsdiqedici sənəd təqdim etdikdə ona qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur.

Şəhadətnamənin verilməsi haqqında ərizə-anket Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda qeydiyyata alınır.

Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs tərəfindən göstərilən sənədlər təqdim edildikdən sonra Şəhadətnamə ərizə-anket qeydiyyata alındığı vaxtdan ən geci 3 təqvim günü müddətində verilir.

Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənədlər mövcud olmadıqda, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu onun özü barəsində təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə, müstəsna hallarda isə birbaşa Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə sorğu göndərir.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti qısa müddət ərzində (3 iş günündən çox olmamaq şərtilə) sorğunun icrası ilə bağlı müvafiq yoxlamalar aparır və əldə olunmuş nəticələr barədə məlumatları Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna bildirir.

Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin özləri barəsində təqdim etdikləri məlumatların düzgünlüyü təsdiq edildikdə, onlara 3 təqvim günü müddətində Şəhadətnamə verilir.

Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə Şəhadətnamə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin razılığı ilə verilir.           

Arxiv üzrə axtarış