Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən edilməsi

zərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən edilməsi

Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar:

  1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər – o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək, yəni 07 oktyabr 1998-ci ilədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 
     
  2. 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər – o şərtlə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarrixli Qanununun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər; 
     
  3. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar – belə şəxslər tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir; 
     
  4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli Qanununa müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər.

Tələb olunan sənədlər

Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək üçün şəxs aşağıdakı sənədlərlə Səfirliyə müraciət etməlidir:

  1. Doldurulmuş Ərizə-anket

  2. 2 ədəd 3x4 sm. ölçüdə fotoşəkil 
     
  3. Azərbaycan Respublikasının İspaniya Krallğındakı Səfirliyinin adına yazılmış Ərizə; 
     
  4. Azərbaycan Respublikasının vətəndaşlığına dair və şəxsiyyəti təsdiq edən sənədlərin bütün səhifələrinin surətləri (doğum haqqında şəhadətnamənin surəti, keçmiş sovet nümunəli pasportun surəti, hərbi biletin surəti və s.); 
     
  5. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (yəni, 07.10.1998-ci il tarixinədək) Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyat barədə rəsmi sənədlərin (“Ev kitabı”nın müvafiq səhifələrinin, “Forma A” vərəqinin) möhürlə təsdiq edilmiş surətləri; 
     
  6. 18 yaşına çatmamış şəxslərin valideynləri barədə məlumatlar (şəxsiyyətini təsdiq edən sənədlərin surətləri və s.); 
     
  7. Şəxsin 1 yanvar 1988-ci ildən 1 yanvar 1992-ci ilədək Azərbaycan Respublikası ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu faktı təsdiq edən müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən verilmiş vəsiqə və ya arayışın surəti (notarial qaydada təsdiq edilmiş);
     
  8. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli, 223-IIQ nömrəli Qanununun 16.4.1.2. –ci maddəsinə əsasən, 10 ABŞ dolları məbləğində dövlət rüsumunun Səfirliyin bank hesabına ödənildiyi barədə qəbz (həmin günün məzənnəsinə uyğun olaraq avro ilə ödənilə bilər). Hesab nömrəsi: CaixaBank, ES86 2100 2284 3007 0001 0347

Qeyd: Ərizə-anket doldurulan zaman məlumatların tam və dolğun yazıldığına diqqət olunmalıdır. 

Qeydhttps://appointment.mfa.gov.az portalı vasitəsilə qeydiyyatdan keçərək görüş tarixi və saatı təyin etmək vacibdir. 

 

Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirmək haqqında müraciətə baxılma müddəti və nəticələri

Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirmək haqqında yuxarıda sadalanan sənədlər Azərbaycan Respublikasının İspaniya Krallığında yaşayan şəxslər tərəfindən Səfirliyə təqdim edilir, daha sonra ərizə-anket icraat üçün aidiyyəti dövlət orqanı olan Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərilir və müraciətə baxılma müddəti həmin vaxtdan başlayır. Bu müraciətə ümumilikdə 1-2 ay müddətində baxılır.

Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirmək ilə bağlı verilmiş müraciətlərə baxılmasının nəticələri barəsində vəsatət qaldıran müvafiq şəxslərə Səfirlik tərəfindən məlumat verilir.

 

Diqqət!  Sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə Səfirlik məsuliyyət daşımır.

Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.

Arxiv üzrə axtarış