2016-05-28

28 May – Respublika Günü İspaniyada qeyd edilib

Azərbaycanın İspaniyadakı səfirliyi tərəfindən 28 May – Respublika Günü münasibətilə Madriddə rəsmi qəbul təşkil edilib.

Mərasimdə İspaniyanın Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin dövlət katibi İqnasio İbanez Rubio, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, hərbi attaşelər, ispaniyalı iş adamları, həmvətənlərimiz, KİV təmsilçiləri iştirak ediblər.

Təntənəli mərasim Azərbaycanın və İspaniyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbiri açan səfir Anar Məhərrəmov Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, mövcud olduğu qısa müddət ərzində onun fəaliyyətindən danışıb. O, ölkəmizin müstəqilliyini yenidən bərpa etdikdən sonra qazanılmış uğurlardan, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən və onun siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daxili və xarici siyasətdə əldə etdiyi nailiyyətlərdən söhbət açıb. Səfir Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfə, “Cənub Qaz Dəhlizi”, “Şahdəniz-2”, TANAP və TAP layihələrinin yaradılması və həyata keçirilməsi, sivilizasiyalar və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsindəki rolu barədə də məlumat verib.

Diplomat Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, bunun nəticəsində bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü qeyd edib. Səfir bildirib ki, bununla belə bu gün Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətidir, əhəmiyyətli transmilli və irimiqyaslı layihələrinin mərkəzlərindəndir.

Respublika Günü münasibətilə keçirilən tədbirdə çıxış edən İqnasio İbanez Rubio bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib. Eyni zamanda, hazırda İspaniyada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənovu xüsusi salamlayaraq onun rəsmi səfərinin Azərbaycan və İspaniya arasında mövcud olan münasibətlərə, o cümlədən hərbi əməkdaşlıq sahəsindəki əlaqələrin daha da genişləndirilməsinə təkan verəcəyini qeyd edib.

Əlaqələrin inkişaf etdirilməsi mövzusuna toxunaraq cari ilin aprelində Bakı şəhərində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun uğurla keçirildiyini bildirən İ.İbanez səfər çərçivəsində İspaniyanın xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsiya-Marqallonun Prezident İlham Əliyev tərəfindən qəbul edilməsini xüsusi ilə vurğulayıb və bu görüşün də gələcək əməkdaşlıq baxımından əhəmiyyətini qeyd edib.

Daha sonra İ.İbanez cari il aprelin 2-5-də təmas xəttində atəşkəsin pozulması faktının İspaniya tərəfindən narahatlıq doğurduğunu bildirib. O, İspaniyanın Azərbaycanın işğal olunmuş ərazilərinin tezliklə sülh yolu ilə azad olunması istiqamətində aparılan bütün danışıqların, o cümlədən ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb. Dövlət katibi son zamanlar insan hüquqları sahəsində Azərbaycan tərəfindən həyata keçirilən tədbirlərin təqdirəlayiq olduğunu da deyib.

İspaniyanın Cənubi Qafqaz regionuna böyük əhəmiyyət verdiyini və bu səbəbdən əsas marağın Azərbaycana yönəldiyini, ölkəsinin müxtəlif sahələrdə əməkdaşlığa hazır olduğunu bildirən İ.İbanez bu yaxınlarda Bakıda uğurla keçirilən Azərbaycan-İspaniya Biznes Forumunu da xatırladıb. Qeyd olunub ki, Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı gündən-günə artır. O, İspaniyada Azərbaycan səfirliyinin 2005-ci ildən uğurla fəaliyyət göstərdiyini qeyd edərək yeni təyin olunmuş səfirin bu münasibətləri daha da uğurla inkişaf etdirəcəyinə inandığını bildirib.

2014-cü ildən etibarən İspaniyanın Azərbaycanda müvəqqəti işlər vəkili qismində nümayəndəsinin fəaliyyətini müsbət qiymətləndirən dövlət katibi yaxın gələcəkdə Azərbaycanda İspaniyanın səfirliyinin təsis olunması məsələsinin İspaniya hökumətinin maraq dairəsində olduğunu deyib.

Daha sonra tədbir iştirakçıları yaxın günlərdə Bakıda keçiriləcək “Formula-1” yarıları barədə videosüjetə baxıblar.

Tədbirdə milli “Sarı gəlin” və “Naz eləmə” rəqsləri, həmçinin dünya klassik musiqisindən nümunələr ifa olunub. Qonaqlar Azərbaycan mətbəxinin ən gözəl təamlarından dadıblar.

Tədbirin keçirildiyi zalda Bakı mənzərələri, “Formula-1” yarışları barədə stend sərgilənib.

http://azertag.az/xeber/28_May___Respublika_Gunu_Ispaniyada_qeyd_edilib_VIDEO-955554

Arxiv üzrə axtarış