2016-09-16

Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov bu ölkədə yaşayan azərbaycanlılarla görüşüb

Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov bu ölkədə yaşayan bir qrup azərbaycanlılarla  görüşüb. 

Səfir Anar Məhərrəmov görüşdə iştirak edən azərbaycanlılarla yaxından tanış olaraq, onların qarşısında duran əsas məqsəd və vəzifələrə dair fikir mübadiləsi aparıb.

Daha sonra İspaniyada yaşayan azərbaycanlıların bir neçə region üzrə mütəşəkkil birliklərinin yaradılmasının zəruriliyi müzakirə olunub. Səfir Anar Məhərrəmov İspaniyada ölkəmizin maraqları baxımından aktiv təbliğat işinin qurulması istiqamətində öz fikirləri ilə bölüşüb, bu mənada hər zaman səfirliyin dəstəyinin göstəriləcəyini vurğulayıb. Qeyd olunub ki, ölkəmizin milli mənafeyi naminə, İspaniyanın Bask vilayəti, Kataloniya, Navarra kimi separatçı yönəmli bölgələrində yaşayan həmvətənlərimizin fəallığının artırılması önəmlidir. Bu baxımdan mütəmadi görüşlərin keçirilməsi, tədbirlərin hazırlanması, təbliğat materiallarının yayılması dövlətçilik işimizə böyük töhfə verəcəkdir. 

Görüşdə iştirak edən azərbaycanlılar təşkil olunmuş səmimi görüş üçün səfirə təşəkkürlərini bildirdilər. Həmvətənlərimiz səsləndirilən təklifləri məqsədəuyğun hesab etdiklərini bildirərək, bu istiqamətdə fəaliyyətlərini artıracaqlarını qeyd etdilər. 

Daha sonra səfir A.Məhərrəmov, cari ilin 26 sentyabr tarixində keçiriləcək Referendumla bağlı Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklər barəsində ətraflı məlumat verdi. Azərbaycanda demokratik cəmiyyət prinsiplərinə əsaslanaraq, bir sıra sahələrdə, o cümlədən, dövlət quruculuğu sistemində, insan hüquqları sahəsində, yerli özünüidarəetmə və ölkəmizin hüquqi bazasını təkmilləşdirən digər sahələri əhatə edən mühüm dəyişikliklərdən bəhs edən səfir Anar Məhərrəmov, görüşdə iştirak edən azərbaycanlıları Konstitusiyaya edilməsi təklif edilən dəyişikliklərlə yaxından tanış olmağa və cari ilin 26 sentyabr tarixində keçiriləcək referendumda  fəal iştirak etməyə çağırdı. 

Arxiv üzrə axtarış