Madriddə dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi mövzusunda konfrans keçirilib
Noyabrın 8-də İspaniyanın paytaxtı Madriddə “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda konfrans keçirilib. Tədbir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan edilmiş “Multikulturalizm ili” çərçivəsində Azərbaycanın İspaniyadakı səfirliyinin və İspaniyanın Mursiya Katolik Universitetinin dəstəyi ilə təşkil olunub.
Konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, həmçinin İspaniyada fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri və nümayəndələri, elm və din xadimləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri, bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.
Konfransı giriş sözü ilə açan təşkilatçılardan biri Əli Evsen dinin dövlətlərin həyatında oynadığı roldan və tədbirin əhəmiyyətindən danışıb.
İştirakçıları salamlayan Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov konfransın məhz İspaniyada keçirilməsinin təsadüfi olmadığını qeyd edib, Sivilizasiyalar Alyansının 2005-ci ildə İspaniya və Türkiyənin təşəbbüsü ilə yaradıldığını bildirib. Vurğulanıb ki, Azərbaycan hökuməti müxtəlif dini və mədəni mənsubiyyətlərin qarşılıqlı dialoquna və sülhə böyük önəm verir. Bu məqsədlə Bakı 2016-cı ildə BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, IV Bakı Qlobal Forumu, V Bakı Beynəlxalq Forumu kimi nəhəng tədbirlərə ev sahibliyi edib. Yüksək tolerantlıq göstəriciləri ilə Azərbaycan mədəniyyətlərarası dialoq məsələlərində dünyaya nümunəvi ölkədir. Bu məqsədlə yaradılmış Nizami Gəncəvi adına Beynəlxalq Mərkəz, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və 2016-cı ilin “Multikulturalizm ili” elan olunması bu dəyərlərin qorunmasına bariz nümunədir.
Tədbirdə çıxış edən İspaniya ədliyyə nazirinin müavini Karmen Sançez Kortes dünyada müxtəlif dinlərin son nəticədə eyni amala qulluq etdiyini deyib. O vurğulayıb ki, tolerantlığı, dözümlülüyü təşviq etmək üçün səyləri artırmaq lazımdır və bu, insanların, cəmiyyətlərin öz əlindədir. Bunun üçün isə əməkdaşlıq zəruridir. Azərbaycanda çox tolerant bir cəmiyyət var. 2016-cı il bu ölkədə “Multikulturalizm ili” elan edilib və onun çoxmillətli, çoxdinli modeli dünyaya nümunə ola bilər.
Dinlərarası dialoqun önəmini vurğulayan Valensiya arxiyepiskopu kardinal Antonio Kanizares qeyd edib ki, multikulturalizm mədəniyyətlər, dinlər və dillər arasında ünsiyyətdir. Bu ünsiyyətin əsasında üç amil – tolerantlıq, qarşılıqlı anlaşma və qarşılıqlı hörmət durur. “Katolik kilsəsi bütün dinlər arasında dialoqun tərəfdarıdır”, - deyən kardinal Antonio Kanizares sülhə gedən yolun elmi təkamül və mənəvi zənginliklərdən keçdiyini vurğulayıb.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev çıxışında əsasən Azərbaycanın cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin düzgün tənzimlənməsi sahəsindəki təcrübəsindən danışıb. O diqqətə çatdırıb ki, Azərbaycan əhalisinin çoxmilli tərkibi onun sərvətidir, üstünlüyüdür. Bu, daim qiymətləndiriləcək və qorunub saxlanılacaqdır. “Tarix boyu Azərbaycanın yürütdüyü tolerantlıq siyasətindən xeyli danışmaq olar”, - deyən Kamal Abdullayev bunun əsasında cəmiyyətimizin nümayiş etdirdiyi ədalət, mərhəmət, şəfqət, acıma, anlayış, özünəinam kimi xüsusiyyətlərin dayandığını bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxışına İspaniyada yeni qurulmuş hökuməti təbrik etməklə başlayıb, ona fəaliyyətində müvəffəqiyyət arzulayıb. Qeyd olunub ki, bu gün yaşadığımız həyatın reallıqları dinlər və mədəniyyətlərarası münasibətlərdə müqəddəs kitablarda yazılmış təməl anlayışlara riayət etməyin vacibliyini bir daha təsdiq edir. Əfqanıstan, İraq, Fələstin, Liviya, Suriya, Yəmən və digər ölkələrdə silahlı münaqişələr, insan qırğını, mədəni irsin məhvi Avropanın bəzi ölkələrində islamofobiya təzahürlərini dərinləşdirir, məcburi miqrantlara qarşı aqressiv münasibət kəskinləşir. Bütün Qafqazın şeyxi belə halları sivilizasiyalar arasında qütbləşməni dərinləşdirən, radikalizm və ekstremizmə təkan verən amil, dinlər və millətlərarası dialoqa vurulan ciddi zərbə kimi dəyərləndirib.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə müstəqillik dövründə ölkəmizdə dinlər və etnik qruplar arasındakı münasibətlərin ümummilli lider Heydər Əliyevin dövlətçilik konsepsiyasına uyğun olaraq daha da möhkəndiyini qeyd edib. Məsələn, sovet dövründə respublikada cəmi 17 məscid var idisə, hazırda bu rəqəm 2 mini keçib. Bu, təkcə məscidlərə aid deyil. İyirminci əsrin əvvəllərində azərbaycanlı müsəlman mesenat Hacı Zeynalabdin Tağıyevin vəsaiti ilə tikilmiş Jen Mironosets pravoslav kilsəsi yenidən azərbaycanlı iş adamı, müsəlman Aydın Qurbanov tərəfindən əsaslı bərpa olunub. Eyni zamanda, Bakıda Şərqi Avropanın ən böyük sinaqoqu inşa edilib.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov çıxış edərək Azərbaycanın tarixən müxtəlif dinlərin və mədəniyyətlərin qorunduğu məkan olduğunu bildirib. Burada uzun əsrlər zərdüştlük, yəhudilik, xristianlıq, İslam formalaşıb və yayılıb. Torpaqlarımızın 20 faizindən çoxunun Ermənistan tərəfindən işğal olunmasına, bir milyondan artıq azərbaycanlının öz torpaqlarından qovulmasına, işğal altında olan ərazilərimizdə çoxsaylı dini, mədəni və tarixi abidələrin dağıdılmasına rəğmən, Bakı başda olmaqla Azərbaycan ərazisindəki erməni kilsələri dövlət tərəfindən qorunur, lazım gəldikdə təmir olunur. Multikulturalizmin qorunması və təbliği istiqamətində elm və təhsilin də böyük rolunu qeyd edən akademik təhsil sistemlərinin monokultural əsaslardan multikultural əsaslara keçməsinin vacibliyini vurğulayıb.
Konfransda Azərbaycanda fəaliyyət göstərən digər dini konfessiyaların rəhbərləri də çıxış edərək ölkədə onlar üçün yaradılmış bərabər hüquqlardan danışıblar. Həmçinin İspaniyanın Ədliyyə Nazirliyinin beynəlxalq hüquqi əməkdaşlıq və dini qurumlarla iş departamentinin baş direktoru Xavyer Herrera, bu ölkədə fəaliyyət göstərən bir sıra diplomatik korpus rəhbərləri konfransın əhəmiyyətini qeyd ediblər.
Tədbir çərçivəsində Azərbaycanın multikulturalizm dəyərlərinə verdiyi önəm haqqında film nümayiş olunub.
Sonda tədbirin bir sıra iştirakçısı xüsusi mükafatlarla təltif olunub.
Konfrans işini İspaniyanın Mursiya şəhərində davam etdirəcək.