İspaniyalı qonaqlar Gəncədə həmvətənlərinin xatirə muzeyi ilə tanış olublar
Noyabrın 28-də İspaniya Təyyarəçilər Assosiasiyasının üzvləri, bu ölkədə 1936-1939-cu illərdə vətəndaş müharibəsi iştirakçılarının və Böyük Vətən müharibəsi illərində sovet ordu sıralarında faşizmə qarşı döyüşən ispan əsilli təyyarəçilərin ailə üzvlərindən və yaxın qohumlarından ibarət bir qrup nümayəndə heyəti ilə Gəncə şəhərində görüş olub.
Azərbaycan Respublikasının İspaniyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Respublikasının İspaniyadakı səfiri Anar Məhərrəmov, səfirliyin əməkdaşları, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə qonaqlar Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra Gəncə şəhərindəki 30 saylı tam orta məktəbə gələn nümayəndə heyəti burada 1936-1939-cu illərdə Gəncədə hərbi təyyarəçilik məktəbində təhsil alan ispan əsilli pilotların xatirə muzeyinin açılış mərasimində iştirak ediblər.
Gəncə Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Həsənbala Sadıqov tədbir iştirakçılarına muzey haqqında ətraflı məlumat verib. Bildirilib ki, 1936-cı ildə başlayan vətəndaş müharibəsi zamanı sovet hökuməti İspaniyadakı tərəfdarlarına xeyli silah-sursat, təyyarə və hərbçi yollayıb. Həmçinin gənc ispan kursantlarının SSRİ-dəki aviasiya məktəbində təlim keçməsinə qərar verilib. Gəncədəki hərbi hava məktəbinin qərargahında 193 gənc ispan kursantı təlim keçməyə başlayıb. İki il müddətində məktəbi 410-dan çox məzun bitirib. Sonuncu 185 nəfərdən ibarət qrupun təlimləri 1939-cu ildə yekunlaşıb. Lakin o vaxt İspaniyada general Frankonun rəhbərliyi ilə diktatura rejimi qurulduğundan pilotlar geri qayıda bilməyiblər. Həmin pilotlardan 84-ü Meksikaya gedib, 101-i SSRİ-də qalıb. Sonralar onların 44-ü İkinci Dünya müharibəsi zamanı sovet ordu sıralarında xidmətə qəbul olunub, Moskva, Odessa, Stalinqrad və Bakının hava hücumundan müdafiəsində iştirak ediblər. 1937-1939-cu illərdə hərbi təlimlərdə həyatını itirən ispan kursantlar Gəncədə, İkinci Dünya müharibəsində həlak olan pilotlar isə Bakıda dəfn olunub.
Məlumat verilib ki, Gəncə şəhəri 30 saylı məktəbdə yaradılan xatirə muzeyinə müəllim və şagirdlərin yaxından iştirakı ilə müxtəlif eksponatlar, o cümlədən fotosənədlər, kursantların və təlimatçıların xatirələri, onların təlimlərdə istifadə etdiyi hərbi geyim və təyyarə modelləri, qəzet yazıları, sənədlərin surətləri və kitablar toplanılıb. Muzeydə əsaslı təmir işləri aparılıb, eksponatlar yenilənib və zənginləşdirilib.
Sonra qonaqlar muzeylə, buradakı Azərbaycan-İspaniya dostluğundan bəhs edən guşələrlə tanış olublar.
İspaniya Təyyarəçilər Assosiasiyasının prezidenti Aquilıno Mata Mier və assosiasiyanın üzvləri, vaxtilə Gəncədəki hərbi aviasiya məktəbində təlim keçmiş pilotların ailə üzvləri və qohumları yaxınlarının xatirəsinin əziz tutulmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov Gəncədə yaradılan bu muzeyi xalqlarımız arasındakı sarsılmaz və əbədi dostluğun daha bir təzahürü kimi dəyərləndirib.
Muzeylə tanışlıqdan sonra ispaniyalı qonaqlar xatirə kitabına ürək sözlərini yazıblar.
Sonra tədbir iştirakçıları 1936-1939-cu illərdə Gəncədəki hərbi təyyarəçilik məktəbində hərbi təlimlər zamanı həlak olan ispan pilotların və onların təlimçilərinin şəhərin Fəxri xiyabanında xatirə kompleksini ziyarət ediblər. Şəhər ictimaiyyətinin də iştirak etdiyi tədbirdə hərbi orkestr tərəfindən İspaniya və Azərbaycanın Dövlət himnləri səsləndirilib. Xatirə kompleksinə əklil qoyulub. Sonra qonaqlar xatirə kompleksində dəfn olunan qohumlarının və yaxınlarının qəbirüstü abidəsini ziyarət ediblər.
İspan qonaqların Gəncəyə səfəri ilə bağlı tədbirlər Yeni Azərbaycan Partiyası şəhər təşkilatında davam etdirilib. Tədbirdə çıxış edən icra hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları qədim Nizami yurdunda babalarının və yaxın qohumlarının uyuduğu şəhərdə görməkdən məmnunluğunu ifadə edib.
Prezident İlham Əliyev tərəfindən ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasətdən danışan Elmar Vəliyev bildirib ki, multikulturalizm Azərbaycanda həm dövlət siyasəti, həm də xalqların tarixi birgəyaşayış formasıdır. Qeyd edilib ki, 80 il bundan öncə ispan gənclərin Gəncədəki hərbi təyyarəçilik məktəbində təhsil almağa gəlməsi ilə hər iki xalq arasında sarsılmaz dostluq münasibətlərinin əsası qoyulub.
Gəncədə Azərbaycan ilə İspaniya arasında tarixi dostluq münasibətlərinin növbəti parlaq səhifəsinin yazıldığını deyən səfir Anar Məhərrəmov qeyd edib ki, ölkəmizdə faşizm üzərində qələbəyə töhfə vermiş ispan təyyarəçilərinin xatirəsinə böyük hörmət və ehtiram bəslənilir. Çünki illər öncə İspaniyadan Azərbaycana gələn təyyarəçilərin bir qrupu Böyük Vətən müharibəsi illərində Bakı şəhərinin hava hücumundan müdafiə olunmasında və strateji əhəmiyyət kəsb edən neft quyularının təhlükəsizliyinin qorunmasında yaxından iştirak ediblər.
İspaniyalı qonaqlara Azərbaycan torpaqlarının 20 faizinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi, bunun nəticəsində 1 milyondan çox insanın öz yurd-yuvalarından didərgin salınması barədə də məlumat verilib.
Görüşdə çıxış edən İspaniya Təyyarəçilər Assosiasiyasının prezidenti Aquilıno Mata Mier deyib ki, Prezident İlham Əliyevin multikulturalizmi təşviq edən siyasəti Azərbaycan ilə İspaniya arasında münasibətləri getdikcə möhkəmləndirir, xalqlarımızın daha da yaxınlaşmasına töhfə verir.
Sonda qonaqlar və şəhər ictimaiyyəti Azərbaycan və İspaniya kinematoqrafçılarının birgə istehsalı olan “Azərbaycan səmalarında” adlı filmə baxıblar.