2016-11-30

Xarici işlər nazirinin müavini Xələf Xələfov İspaniya Aviatorlar Assosiasiyasının rəhbəri Akilino Mata Mierin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Nazir müavini Xələf Xələfov ikinci dünya müharibəsi illərində Azərbaycana aviasiya təlimləri almaq üçün gəlmiş ilk ispan gənclərinin fəaliyyəti haqqında danışaraq, həmin şəxslərin aviasiya təlimlərinə yiyələndikdən sonra Azərbaycanda və keçmiş SSRİ-nin digər bölgələrində faşizmə qarşı mübarizəsi haqqında ətraflı məlumat verdi. O, ispan aviatorların ikinci dünya müharibəsi zamanı Azərbaycan xalqı ilə birgə düşmənə qarşı mübarizədə göstərdikləri şücaət və qəhrəmanlığa görə xalqımızin yaddaşında daim qalacaqlarını və hər zaman böyük hörmət və ehtiramla anılacaqlarını vurğuladı. X.Xələfov bu xüsusda ispan aviatorların şərəfinə Gəncə şəhərində muzeyin təsis edildiyini diqqətə çatdırdı.

Xələf Xələfov Azərbaycan və ispan xalqları arasında tarixi oxşarlıqların və yaxşı münasibətlərin olduğuna diqqəti çəkərək, bu səfərin xalqlarımız arasında təmasların artırılmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

Azərbaycan və İspaniya arasında ikitərəfli münasibətlərə toxunan Xələf Xələfov bu münasibətlərin səviyyəsinin məmnunluq doğurduğunu bildirdi. İki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu qeyd edərək, ölkəmizin İspaniya ilə həm də iqtisadi əməkdaşlığı gücləndirmək niyyətini ifadə etdi. X.Xələfov həmçinin turizm, mədəni-humanitar və digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğuladı.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən nazir müavini münaqişə ilə bağlı ölkəmizin ədalətli mövqeyinin İspaniya tərəfindən dəstəklənməsinin yüksək qiymətləndirildiyini vurğuladı.

İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Luis Diez təşkilat üzvlərinin və ispan aviatorların ailə üzvlərinin XİN tərəfindən qəbul edilməsinin yüksək qiymətləndirildiyini bildirdi və onlara Azərbaycanda göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirdi. O, ispan aviatorların Azərbaycan xalqı tərəfindən böyük ehtiramla xatırlanması və bu xüsusda onların xatirəsini əbədiləşdirmək üçün Gəncə şəhərində təsis edilmiş muzeyə görə İspaniya Səfirliyi və təşkilat adından yüksək minnətdarlıq ifadə etdi.

İspaniya Aviatorlar Assosiasiyasının rəhbəri, tarixçi Akilino Mata Mier çıxış edərək, 1936-1939-cu illərdə İspaniyada siyasi və hərbi vəziyyət, ispan gənclərin xarici ölkələrə, o cümlədən Azərbaycana aviasiya təlimi almaq üçün göndərilməsi, onların faşizmə qarşı mübarizəsi, eləcə də təşkilatın yaranma səbəbləri barədə məlumatları bölüşdü. O, İspaniya Aviatorlar Assosiasiyasının siyasi təşkilat olmasa da iki ölkə arasında siyasi əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verməsi üçün səylərini əsirgəməyəcəklərini bildirdi.

Görüş əsnasında ispan aviatorların ailə üzvləri də öz təəssüratlarını bölüşərək, hər zaman Azərbaycan dövləti və xalqı haqqında yüksək fikirdə olacaqlarını diqqətə çatdırdılar.

Arxiv üzrə axtarış