Azərbaycanın İspaniyadakı səfiri etimadnaməsini Fransa Prezidenti, eyni zamanda, Andorranın həmşahzadəsi Fransua Ollanda təqdim edib
Azərbaycan Respublikasının İspaniya Krallığındakı, eyni zamanda, Andorra Knyazlığındakı səfiri Anar Məhərrəmov etimadnaməsini Fransa Respublikasının Prezidenti, eyni zamanda, Andorra Knyazlığının həmşahzadəsi Fransua Ollanda təqdim etmək üçün Yelisey Sarayında təşkil olunmuş xüsusi mərasimdə iştirak edib. Mərasimdən sonra Anar Məhərrəmov etimadnaməsini Fransua Ollanda təqdim edib.
Sonra keçirilən qısa görüşdə səfir A.Məhərrəmov onun etimadnaməsini qəbul etdiyinə görə Fransua Ollanda təşəkkürünü bildirib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını ona çatdırıb.
Fransanın Prezidenti, eyni zamanda, Andorranın həmşahzadəsi Fransua Olland səfir A.Məhərrəmovu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan Prezidenti İlham Əliyevə salamlarına görə təşəkkürünü bildirən Fransua Olland onun da səmimi salamlarının dövlətimizin başçısına çatdırılmasını xahiş edib.
Görüşdə Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunye də iştirak edib.