2017-07-08

İspaniya qəzeti Ermənistanın son hərbi təxribatı ilə bağlı rəsmi Bakının mövqeyini əks etdirən məqalə dərc edib

İspaniyanın böyük oxuyucu kütləsinə malik olan “La Razon” qəzetində “Rəsmi Bakı Füzulidə iki insanın ölümünə səbəb olan son hücumu pisləyir” adlı məqalə dərc olunub.

Məqalədə iyulun 4-də baş verən dəhşətli faciədən - Ermənistan silahlı qüvvələrinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində Sahibə Allahverdiyevanın və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olmasından danışılır.

Qəzet Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasına istinad edərək, Ermənistan silahlı qüvvələrinin bu təxribatının vandalizm aktı olduğunu, Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut etdiyi vurğulayır. Həmçinin cəbhə xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və yaşlıların olduğu azərbaycanlı mülki əhaliyə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən və hədəflənən hücumlar edilməsinin sistematik xarakter daşıdığı diqqətə çatdırılır. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa yönələn hücumlarının beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyalarının və ona 1 saylı Əlavənin, habelə uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulduğu bildirilir.

Məqalədə, eyni zamanda, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərindən sonra həmsədrlər və beynəlxalq təşkilatlar substantiv və ciddi danışıqlar yolu ilə status-kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda, Ermənistan tərəfinin azərbaycanlı mülki şəxslərin və uşaqların qəsdən öldürülməsinə yönəlmiş alçaq və şərəfsiz təxribatlara əl atdığı, işğalçıların zəbt edilmiş Azərbaycan ərazilərində mövcudluğunun münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbi və münaqişənin siyasi həllinə başlıca maneə olduğu qeyd olunur.

 

 

 

Arxiv üzrə axtarış