Madriddə “İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib
Prezident İlham Əliyevin elan etdiyi “İslam Həmrəyliyi İli” çərçivəsində 06 noyabr 2017-ci il tarixində Madriddə keçirilən konfransda geniş tərkibdə Azərbaycan nümayəndə heyəti iştirak edib
Madrid şəhərində 06 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, İspaniya Ədliyyə Nazirliyinin, AR-in İspaniya Krallığındakı Səfirliyinin təşkilatçılığı və Evsen Fondunun dəstəyi ilə “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” adlı 2-ci beynəlxalq konfrans keçirilmişdir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti sözügedən tədbirdə iştirak etmək məqsədilə İspaniyada işgüzar səfərdə olmuşdur. Nümayəndə heyətinin tərkibində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları Rafael Hüseynov, Hikmət Məmmədov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, həmçinin ənənəvi dini konfessiyaların Azərbaycandakı nümayəndələri yer almışlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi çərçivəsində keçirilmiş tədbirdə Azərbaycandan gəlmiş nümayəndə heyəti ilə yanaşı İspaniya hökumətinin üzvləri, dünyanın nüfuzlu ictimai-siyasi xadimləri, İspaniyada fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, müxtəlif dövlətlərin tanınmış din xadimləri, ictimaiyyət nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər.
Qafqaz müsəlmanları idarəsinin sədri Hacı Allahşükür Paşazadə toplantı iştirakçılarına AR Prezidenti İlham Əliyevin salamını və xoş arzularını çatdırmış, konfransın təkcə Azərbaycan və İspaniya deyil, insanlıq faciələri və terror hadisələrindən əziyyət çəkən dünya üçün xüsusi önəmə malik olduğunu bildirmişdir. Hacı Allahşükür Paşazadə həmçinin dinlər və məzhəblərarası həmrəyliyin nadir nümunəsinə sahib olan Azərbaycanın artıq tolerantlığın, sivilizasiyalararası dialoqun ənənəvi ünvanı kimi tanındığını qeyd etmişdir.
İspaniyanın ədliyyə naziri Rafael Katala çıxışında sülhü bərqərar etmək və onu qorumağın təkcə siyasi hakimiyyətlərin və dövlət qurumlarının işi olmadığına diqqət çəkmiş, cəmiyyət daxilində də tolerantlıq, etnik və dini harmoniyanın təşəkkül tapmasının vacibliyini qeyd etmişdir. R.Katala Azərbaycan və İspaniyanın bu istiqamətdə uğurlu layihələr həyata keçirdiyini, iki ölkənin əməkdaşlığı üçün geniş imkanların mövcud olduğunu bildirmişdir.
Evsen Fondunun prezidenti Əli Evsen keçirilən konfransın vacibliyinə toxunaraq İspaniyanın “fərqli mədəniyyətlər və dinlərə qarşı öz hörmət və tolerantlığı” ilə seçildiyini bildirmişdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsində əsas məqsədin müsəlman ölkələrində daxili sabitlik zəminində qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsindən, təkcə İslam dünyasında deyil, bütün dünyada sülhün və rifahın təmin edilməsindən ibarət olduğunu qeyd etmişdir.
Beynəlxalq konfransdakı çıxışı zamanı Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov multikulturalizmin və tolerantlığın təbliğində tədrisin xüsusi əhəmiyyətə malik olduğunu qeyd etmişdir. Rektor bildirmişdir ki, ölkədə artıq həyat tərzinə çevrilən multikulturalizm hərəkatına dəstək məqsədilə Bakı Dövlət Universitetində də müxtəlif layihələr həyata keçirilir. Qeyd edilmişdir ki, Universitetin bütün fakültələrinin tədris planında multikulturalizm fənni yer alır, İlahiyyat fakültəsində İslam dini ilə yanaşı bütün dinlərin nəzəriyyələri tədris olunur. Akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetində fəaliyyət göstərən İslamşünaslıq elmi-tədqiqat mərkəzində fərqli dini inanclarla bağlı maraqlı tədqiqatlar aparıldığını konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirdə iştirak edən İspaniyanın sabiq daxili işlər naziri Xorxe Fernandez Diaz bu beynəlxalq konfransın Azərbaycan və İspaniya dövlətlərinin növbəti uğurlu layihəsi olduğunu, Azərbaycan və İspaniyanın tolerantlıq, dini dözümlülük nümunəsinin bütün dünyaya yayılmasının əhəmiyyətini vurğulamışdır.
İsrailin sabiq dövlət başçısı Dalia İtzik AR Prezidenti İlham Əliyevin bu təşəbbüsünü insanlar arasında uçurumu aradan qaldırmaq istiqamətində atılmış nümunəvi addım kimi qiymətləndirmiş, dəfələrlə ölkəmizə səfər etdiyini və orada çox tolerant mühitin şahidi olduğunu bildirmişdir.
Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov Heydər Əliyev Fondu tərəfindən multikultural dəyərlərin təbliği istiqamətində reallaşdırılan layihələrə dair ətraflı məlumat vermiş, istər ölkə daxilində, istərsə də bütün dünyada dini, milli vəhdətin bərqərar olmasını Fondun özünün ali missiyası hesab etdiyini və bu istiqamətdə çoxsaylı işlər gördüyünü konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Səfir A.Məhərrəmov Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinə baxmayaraq, Azərbaycanın öz sülhyönümlü, bəşəriyyətin sabitliyinə yönəlmiş tolerantlıq ənənələrini bütün dünyaya çatdırmağa davam etdiyini qeyd etmişdir.
Konfransda həmçinin Moskva Patriarxının nümayəndəsi Arximandrit Filaret və digər natiqlər çıxış etmişlər. Ümumilikdə çıxışlar zamanı dinlər və mədəniyyətlərarası tolerantlığın davamlılığının təmin edilməsi, separatizm və digər mənfi tendensiyalara qarşı vahid müstəvidən hərəkət edilməsinin vacibliyi fikri önə çıxmışdır.
Sonda multikulturalizm və dini tolerantlıq mövzusuna həsr edilmiş rəsm əsəri və xatirə hədiyyələri təqdim edilmişdir. Tədbir çərçivəsində dini liderlər tərəfindən bütün dini konfessiyalar üçün ortaq olan dəyərlərin tədrisinin təşviq edilməsi məqsədi ilə birgə bəyannamə imzalanmışdır.
https://www.youtube.com/watch?v=YslvEfSebTs&t=145s