Dekabrın 11-də Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə Madrid şəhərində yerləşən Kolon Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Dekabrın 11-də Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə Madrid şəhərində yerləşən Kolon Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Mərasimdə İspaniyada akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərin rəhbərləri, İspaniya parlamentinin, ictimaiyyətinin üzvləri, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri və Madriddə yaşayan azərbaycanlılar iştirak ediblər.
Tədbir ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən səfir Anar Məhərrəmov Azərbaycan tarixinin 35 ilinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayaraq, məhz bu dövrdə Azərbaycanın hərtərəfli inkişafına qədəm qoyulduğunu bildirib.
Qeyd olunub ki, Heydər Əliyevin vətənpərvərliyi ən çətin anlarda xalqı ilə birlikdə olmasında, vətəndaş müharibəsinin qarşısını almaq üçün həlledici qərarlar qəbul etməsində, erməni silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən etnik təmizləməyə son qoymasında və ölkədə sabitlik və rifahın bərqərar olunmasında özünü büruzə verib. Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olmasına və 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan beynəlxalq siyasi arenada mühüm rol oynayan, dinamik inkişaf etməkdə olan bir dövlətə çevrilib. Xüsusi olaraq vurğulanıb ki, bu gün Ulu Öndərin siyasi kursu onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bütün həyatını Azərbaycan xalqına həsr etmiş müdrik rəhbərin əbədi olaraq yaddaşlara həkk olunduğu və onun əziz xatirəsinin Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən çoxsaylı mədəni və humanitar layihələrdə yaşadığı qeyd olunub.
Türkiyənin İspaniyadakı səfiri Ömər Önhon tədbirdə çıxış edərək Heydər Əliyevi tarixi bir şəxsiyyət və Azərbaycanın dövlət müstəqilliyinin təminatçısı kimi dəyərləndirib, Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində Azərbaycanın dünya miqyasında tanındığını və ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin qurulmasında müstəsna rolunu diqqətə çatdırıb.
Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş ispan dilində sənədli film nümayiş olunduqdan sonra dahi bəstəkar Üzeyir Hacıbəylinin “Sənsiz” romansı və “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısı İspaniyanın “Joaquin Turina” adına Konservatoriyasının müəllimləri, həmyerlimiz Nigar Əskərovanın pianoda və Antonio Perez Jimenezin fleytada ifası ilə mərasim iştirakçılarına təqdim edilib.
Sonda mərasim iştirakçıları ehsan süfrəsinə dəvət olunublar.