2018-01-30

20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar İspaniyada bir sıra tədbirlər keçirilmişdir

20.01.2018-ci il tarixində Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin dəstəyi və “Barselonada Azərbaycanlılar Cəmiyyəti”nin təşkilatçılığı ilə Barselona şəhərində dəyirmi masa təşkil edilmişdir. Tədbirdə İspaniyada yaşayan soydaşlarımız, həmçinin Barselona Vəkillər Kollegiyasının üzvləri iştirak etmişlər. Tədbir iştirakçılarına Azərbaycanın milli azadlıq mübarizəsində “20 Yanvar” hadisələrinin yeri və rolu, faciənin dəhşətləri barədə ətraflı məlumat verilmiş və hadisələri özündə əks etdirən videoçarx və fotomateriallar nümayiş etdirilmişdir.

Madrid şəhərinin mərkəzində yerləşən “La Tabacalera” sərgi zalında “20 Yanvar” hadisələrinə həsr olunmuş ictimaiyyət üçün açıq fotosərgi təşkil edilmişdir. Fotosərgi İspaniya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmış və tədbir iştirakçılarına hadisənin səbəbləri  barədə ətraflı məlumat verilmişdir.

Eyni zamanda Valensiya vilayətinin oxucu kütləsinə görə ən öncül nəşrlərindən biri hesab olunan “Las provincias” və “Levante” qəzetlərində “Azərbaycan “Qara Yanvar”ı xatırlayır” adlı məqalələr dərc edilmişdir. Məqalələrdə bildirilir ki, Bakıya Sovet qoşunlarının daxil olması 150 nəfər mülki şəxsin, 7 uşağın, 2 həkimin həyatının itirilməsi və 744 nəfərin yaralanması ilə nəticələnmişdir. Həmçinin qeyd edilmişdir ki, 20 yanvar faciəsinə ilk olaraq siyasi və hüquqi qiymət verən ümummilli lider Heydər Əliyev Bakıda mülki vətəndaşlara qarşı törədilən təcavüz aktının SSRİ və Azərbaycan SSR Konstitusiyasına zidd olduğunu bildirmiş, BMT Nizamnaməsi, Beynəlxalq hüquq normaları və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın müddəalarının pozulduğunu bəyan etmişdir.

Arxiv üzrə axtarış