Madriddə təşkil olunan beynəlxalq xeyriyyə bazarında Azərbaycan da təmsil olunub
İspaniyada olan Diplomatların Beynəlxalq Assosiasiyasının (AİDE) təşkilatçılığı ilə Madriddə növbəti XXIII “KERMES 2018” beynəlxalq xeyriyyə bazarı keçirilib. Tədbirdə 50-dək ölkənin İspaniyadakı diplomatik nümayəndəliyi milli mədəniyyətlərini, mətbəxini və musiqisini nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, AİDE-nin hazırkı prezidenti, Azərbaycanın İspaniyadakı səfirinin xanımı Mehriban Məhərrəmova tədbirdə açılış nitqi ilə çıxış edib. Mehriban Məhərrəmova AİDE-nin məqsədləri və fəaliyyəti haqqında, eləcə də təmsil etdiyi Assosiasiya ilə Kraliça Sofiya Fondu arasında uğurlu əməkdaşlıqdan bəhs edərək, bu baxımdan tədbirdə iştirak edən və öz dəstəyini Assosiasiyaya göstərən AİDE-nin fəxri prezidenti Kraliça Sofiyaya təşəkkürünü bildirib.
Daha sonra tədbir iştirakçıları həmyerlimiz, prezident təqaüdçüsü, Kraliça Sofiya Ali Musiqi Məktəbinin tələbəsi Elvin Qəniyevin ifasında Qara Qarayevin "Yeddi gözəl" baletindən “Vals” və “Karmen” əsərindən bir parçanı dinləyiblər.
Bazarı ziyarət edən AİDE-nin fəxri prezidenti olan kraliça Sofiya Azərbaycanın İspaniyadakı səfirliyinin təşkilatçılığı ilə quraşdırılan stendə yaxınlaşıb və burada nümayiş olunan milli-mədəni dəyərlərimizi əks etdirən nümunələrə marağını ifadə edib. Azərbaycan stendində kraliça Sofiyaya böyük həvəslə oynadığı milli ornamentlərimizlə bəzədilmiş əl işi olan nərd və bəyəndiyi neft boyası ilə rənglənmiş rəsm əsəri hədiyyə edilib. Azərbaycan stendində nümayiş olunan ölkəmizin milli şirniyyatları, o cümlədən paxlava, şəkərbura, həmçinin yeməklərimizdən plov, kükü, dovğa, qutablar, yarpaq dolması, lavaş, milli ornamentləri əks etdirən suvenirlər, kəlağayı, geyimlər sərgi iştirakçılarında böyük maraq doğurub.
Azərbaycan stendində satışa çıxarılmış bütün məhsullar, xüsusən milli yeməklərimiz qısa vaxtda digər ölkələrin iştirakçıları və ziyarətçilər tərəfindən həvəslə alınıb.
Xeyriyyə bazarında iştirakçılara Azərbaycan barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, xeyriyyə bazarından əldə olunan bütün vəsait Kraliça Sofiya Fondunun hesabına köçürüləcək. Həmin vəsait alzheymer xəstəliyindən əziyyət çəkən insanların müalicəsinə sərf olunacaq.