2018-12-12

Barselonada Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

Dekabrın 10-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə Barselona şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə İspaniya Konqresinin deputatları, İspaniyada akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərin rəhbərləri, ölkə ictimaiyyətinin üzvləri, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri və Barselona şəhərindəki Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən səfir Anar Məhərrəmov Azərbaycan tarixinin 35 ilinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayaraq, məhz bu dövrdə Azərbaycanda bütün sahələrdə hərtərəfli inkişafa nail olunduğunu bildirib.

Səfir qeyd edib ki, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra çətin vəziyyətlə üzləşib, Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar və etnik təmizləmə siyasətinin nəticəsi kimi Azərbaycan torpaqlarının 20 faizi işğal olunub və 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. A.Məhərrəmov xüsusi olaraq vurğulayıb ki, məhz 1993-cü il iyun ayının 15-də xalqın istəyi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkənin daxili və xarici siyasətində stabillik bərqərar olunub, atəşkəs əldə edilib, ölkə yeni inkişaf dövrünə qədəm qoyub.

Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyi və onun yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın regionda lider ölkəyə çevrildiyi diqqətə çatdırılıb.

Müasir Azərbaycanın əldə etdiyi tərəqqinin məhz həyatının böyük hissəsini öz xalqına həsr etmiş Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən səfir ölkədə bütün sahələrdə əsaslı islahatların həyata keçirilməsinin Ümummilli Liderin uzaqgörən siyasəti, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti sayəsində mümkün olduğunu deyib. A.Məhərrəmov xüsusi olaraq vurğulayıb ki, Azərbaycan xalqı Heydər Əliyev tərəfindən görülmüş işləri yüksək qiymətləndirərək, onu xalqın Ümummilli Lideri kimi əbədiləşdirib.

Türkiyənin Barselona şəhərindəki baş konsulu Güçlü Kalafat tədbirdə çıxış edərək Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində Azərbaycanın dünya miqyasında tanındığını bildirib, Ulu Öndərin Azərbaycan-Türkiyə dostluq, strateji tərəfdaşlıq və qardaşlıq əlaqələrinin qurulmasında müstəsna rolunu diqqətə çatdırıb. G.Kalafat ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Türkiyəyə ən çox investisiya yatıran ölkədir, eyni zamanda, Türkiyə də Azərbaycanda ən iri investor kimi çıxış edir. O deyib: “Bakı-Tbilisi-Qars dəmir yolunun və Trans-Anadolu (TANAP) boru kəmərinin reallaşması, habelə Türkiyədə “STAR” neft emalı zavodunun açılması iki ölkə arasında qardaşlıq münasibətlərinin növbəti təzahürüdür”.

Daha sonra tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş ispan dilində “Sonsuzluğa gedən yol” sənədli filmi nümayiş etdirilib.

 

 

 

Arxiv üzrə axtarış