Madriddə Çanaqqala qələbəsinin 104-cü və Türkiyə Respublikasının İstiqlal Marşının 98-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
Türkiyə Respublikasının İspaniya Krallığındakı Səfirliyi tərəfindən Çanaqqala qələbəsinin 104-cü və İstiqlal Marşının 98-ci ildönümü ilə əlaqədar Madrid şəhərində tədbir təşkil olunub. Tədbirdə Türkiyə Respublikasının İspaniyadakı səfiri Cihad Erginay, Azərbaycan Respublikasının İspaniyadakı səfiri Anar Məhərrəmov, İstanbul Universitetinin Tarix fakültəsinin doktoru Mustafa Tanrıverdi, habelə Türkiyə Səfirliyinin əməkdaşları, yerli kütləvi informasiya vasitələrinin, İspaniyada yaşayan Türkiyə icmasının nümayəndələri, bu ölkədə təhsil alan tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Türkiyənin İspaniyadakı səfiri Cihad Erginay Çanaqqala döyüşündə əldə edilmiş qələbənin tarixi zəfər olduğunu, Ulu Öndər Mustafa Kamal Atatürkün qətiyyəti və uzaqgörənliyi nəticəsində qazanılan bu zəfərin Türkiyənin müstəqilliyinin qorunub-saxlanılması yolunda şərəfli və qürurverici şanlı səhifə olduğunu qeyd etmişdir. Türkiyə Respublikasının İstiqlal Marşının müəllifi, şair Mehmet Akif Ersoy haqqında danışan səfir Cihad Erginay, İstiqlal Marşının hər bir sözündə türkçülük, vətənpərvərlik, vətənin müdafiəsi uğrunda şəhid olmaq kimi yüksək dəyərlərin əks olunduğunu və bunun hər bir türkdə fəxarət hissi yaratdığını bildirmişdir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov Çanaqqala döyüşündə əldə edilən tarixi zəfərin türk xalqının qırılmaz iradəsini bütün dünyaya bir daha sübut etdiyini, 18 martda - Türkiyənin şanlı zəfər tarixinə çevrilən bu gündə Osmanlı dövlətinin dünyaya türk əsgərinin rəşadətini nümayiş etdirdiyini bildirib. Çanaqqala döyüşündə azərbaycanlıların türk əsgərləri ilə çiyin-çiyinə döyüşdüyünü qeyd edən səfir Anar Məhərrəmov, döyüş zamanı 3 min azərbaycanlının şəhid olduğunu vurğulayıb. Xüsusi olaraq qeyd edilmişdir ki, 1918-ci ildə Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycan torpaqlarını işğalçı erməni daşnaklarından azad etməsi böyük tarixə malik Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunələrindən biridir. Türkiyə-Azərbaycan qardaşlığının dərin köklərə malik olduğunu bildirən səfir Anar Məhərrəmov, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının məfkurəyə çevrilərək iki qardaş ölkə arasında münasibətlərinin simvolu olduğunu qeyd etmiş, qardaş ölkələrin həm sevinc, həm də kədərlərinin bir olduğunu diqqətə çatdırımışdır. Qeyd edilmişdir ki, Türkiyə-Azərbaycan arasında möhkəm dostluq telləri hər bir azərbaycanlının qəlbində özünəməxsus yer tutur, Türkiyənin İstiqlal Marşı müxtəlif tədbirlərdə, beynəlxalq idman yarışlarında səsləndirilən zaman azərbaycanlılar tərəfindən xüsusi rəğbət və qürur hissi ilə dinlənilir.
İstanbul Universitetinin Tarix fakültəsinin doktoru Mustafa Tanrıverdi Çanaqqala döyüşünün tarixindən, səbəb və nəticələrindən ətraflı bəhs edərək, İstiqlal Marşının müəllifi, şair Mehmet Akif Ersoyun həyat və yaradıcılığı haqqında ətraflı məlumat vermiş, şairin əsl vətənpərvər olduğunu qeyd etmişdir.
Tədbir şeir və türkülərlə davam etmişdir.