İMADƏDDİN NƏSİMİ AZƏRBAYCANLI FİLOSOF-ŞAİR
Məndə sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam.
İmadəddin Nəsimi
2019-cu ildə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 yanvar tarixli Sərəncamına əsasən Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq 2019-cu il Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilmişdir.
Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi (1369-1417) bəşəri dəyərlərin əsas carçılarından biridir. Əsasını humanist ideyalar təşkil edən Nəsimi yaradıcılığı dünya ədəbiyyatında təkrarolunmaz bir fenomendir. Azərbaycan poeziyasının yaradıcılarından biri olan İmadəddin Nəsimi Azərbaycanda ədəbi fikrin mühüm siması olmaqla yanaşı, ümumilikdə Şərq dünyasının mədəniyyət tarixində özünəməxsus yerə malikdir.
İmadəddin Nəsimi Şamaxı (Azərbaycan) şəhərində dünyaya gəlmiş, burada din, məntiq, riyaziyyat, astronomiya, ədəbiyyat, qədim şərq tarixi, fəlsəfə kimi elmlərə dərindən yiyələnmişdir. Ana dilindən başqa, ərəb və fars dillərini də mükəmməl bilən İ.Nəsimi Azərbaycan divan ədəbiyyatının (15 mindən çox sərtdən ibarət) banilərindən hesab olunur.
Dahi şair çox çətin bir dövrdə - Əmir Teymurun Azərbaycan torpaqlarını işğal etdiyi, Teymurilər imperiyası ilə Qızıl Ordu xanlığı arasında münaqişənin baş verdiyi dövrdə yaşayıb-yaratmışdır. Həmin dövrdə Monqol işğalına qarşı xalqın azadlıq uğrunda mübarizəsi geniş vüsət almış, “Sərbədar hərəkatı” meydana gəlmiş, fars filosofu Fəzlullah Nəimi tərəfindən şərqdə nüfuzlu dini-fəlsəfi cərəyanlardan biri hesab olunan hürufilik təliminin əsası qoyulmuşdur. Nəimidən sonra hürufilik təlimini davam etdirən də məhz dahi mütəfəkkir Nəsimi olmuşdur.
Hürufilik təliminin əsasında hər şeyin mərkəzində insanın olması ideyası dayanır. İnsanın mənəvi gücü, intellektual bacarıqlarını əsas götürən İ.Nəsimi onun kamilləşərək Allaha çatdığı fikrini irəli sürürdü. Dahi şair insan həyatının toxunulmaz olduğunu müdafiə edərək, insan ləyaqətinin qorunmasına hörmət edilməsi üçün çağırışlar edirdi. Azad mənəvi seçim və sevgi ideyaları şair üçün tolerantlığa, çərçivələrdən kənara baxaraq, məhz insan simasında allahın təzahürünü axtarmağa yol açmışdı. Bu mənada, Nəsiminin əsərlərindəki əzmkarlıq, mənəvi-əxlaqi dəyərlər, istifadə edilən aydın, eyni zamanda mücərrəd metafora dahi şairi Şərq poeziyasının, ümumilikdə dünya ədəbiyyatının tanınmış mütəfəkkirinə çevirdi.
Nəsiminin yaşadığı dövrdə mövcud olan dini radikalizm onun humanist ideyalarını qəbul etmədi. Dahi şair Hələbdə edam olunan zaman belə öz baxışlarından, mənəvi dəyərlərindən və humanist ideyalara sadiqliyindən əl çəkmədi.
Əsrlər boyu Nəsimi yaradıcılığı Azərbaycan dilində və Osmanlı türkcəsində olan poeziyanın inkişafına mühüm təsir etmişdir. Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Türkdilli xalqların mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir.
Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin anadan olmasının 600 illiyinin keçirildiyi vaxta təsadüf edir. 1973-cü ildə böyük söz ustasının 600 illik yubileyi YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilmiş və beynəlxalq miqyasda qeyd olunmuş, həmin dövrdən etibarən Nəsimi yaradıcılığı ilə bağlı çox sayda araşdırmalar aparılmışdır.
Kinematoqrafiya və musiqi əsərlərində Nəsimi obrazı canlandırılmışdır. 1973-cü ildə dahi Azərbaycan bəstəkarı, simfonik muğamın banisi Fikrət Əmirov tərəfindən “Nəsimi dastanı” baleti bəstələnmişdir. Həmin il məşhur Azərbaycan aktyoru Rasim Balayev İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş “Nəsimi” filmində dahi şairin obrazını canlandırmışdır.
1980-ci ildə Bakı şəhərində T.Məmmədov və İ.Zeynalovun müəllifi olduğu Nəsimi abidəsi ucaldılmışdır. 2017-ci ildə “Amsterdam Royal Concertgebouw” konsert sarayında Hollandiya kral simfonik orkestrinin müşayiəti ilə görkəmli bəstəkar, YUNESKO-nun “Sülh artisti” fəxri adına layiq görülmüş Firəngiz Əlizadənin “Nasimi Passion” əsərinin premyerası keçirilmişdir.
Nəsiminin həyat və yaradıcılığının regionda humanist dəyərlərin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərdiyini nəzərə alaraq, dahi şairə həsr olunmuş tədbirlərin keçirilməsi YUNESKO-nun əsas məqsədlərinə - qarşılıqlı anlaşma, tolerantlıq və sülhün təşviqinə mühüm töhfə vermişdir. 2017-ci il may ayında Paris şəhərində YUNESKO-nun mənzil-qərargahında böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar tədbir təşkil olunmuşdur. 2018-ci il sentyabr ayında Azərbaycanda ilk dəfə olaraq Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı keçirilmişdir.
2018-ci il noyabr ayında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada keçirilən “Nəsimi – poeziya, incəsənət və mənəviyyat festivalı” çərçivəsində XIV-XV əsrlərin böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin büstünün təntənəli açılış mərasimi olmuşdur.