Azərbaycan Respublikasının və Türkiyə Respublikasının İspaniyadakı Səfirliklərinin, Yunus Emre İnstitutunun, TÜRKSOY-un və Kral Xuan Karlos Universiteti yanında “Alisiya Alonso” Rəqs İnstitutunun birgə təşkilatçılığı ilə Kantabriya Mədəniyyət Mərkəzində İmadəddin Nəsiminin 650 illik, Aşıq Veysəlin 125 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib
Ölkə Prezidentinin böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq ədibin həyat və yaradıcılığına həsr olunmuş növbəti tədbir 4 dekabr tarixində Madrid şəhərində yerləşən Kantabriya Mədəniyyət Mərkəzində baş tutub.
Azərbaycan Respublikasının və Türkiyə Respublikasının İspaniyadakı Səfirliklərinin, Yunus Emre İnstitutunun, TÜRKSOY-un və Kral Xuan Karlos Universiteti yanında “Alisiya Alonso” Rəqs İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsinin xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi həyatında dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətindən söhbət açıb. Ədibin yaradıcılığının əsasında humanizm və tolerantlıq kimi ümumbəşəri dəyərlərin dayandığını bildirən səfir A.Məhərrəmov, şairin əsərlərinin dünya, o cümlədən türk xalqlarının ədəbiyyatına, mədəniyyətinə, bədii-ictimai fikrinin inkişafına töhfəsindən bəhs edib.
Səfir A. Məhərrəmov xüsusi olaraq diqqətə çatdırıb ki, şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin anadan olmasının 600 illiyinin keçirildiyi vaxtdan başlanır. Məhz bu baxımdan, 1973-cü ildə böyük söz ustasının 600 illik yubileyi YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilmiş və beynəlxalq miqyasda qeyd olunmuş, həmin dövrdən etibarən Nəsimi yaradıcılığı ilə bağlı çox sayda araşdırmalar aparılmışdır.
Nəsimi yaradıcılığında mədəni müxtəliflik, humanist ideyaların geniş şəkildə təşviq olunduğunu qeyd edən səfir A. Məhərrəmov, bu baxımdan Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva və Fondun Vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə ingilis və fransız dillərində çap etdirilmiş, şairin ədəbi yaradıcılığının nümunələrini özündə ehtiva edən “Imadeddin Nasimi Poetry”, “Imadeddin Nassimi Poesié” kitablarının böyük mütəfəkkirin irsinin daha geniş şəkildə öyrənilməsi baxımından əhəmiyyətindən söz açıb.
Səfir A.Məhərrəmov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gün ərzində respublikamızda 650 min ağacın əkilməsi kampaniyasının ölkədə sağlam həyat tərzinə verilə töhfənin, habelə Nəsimi ideyalarından qaynaqlanan humanizm təşəbbüsünün təzahürü olduğunu bildirib.
Daha sonra çıxış edən Türkiyə Respublikasının İspaniyadakı səfiri Cihad Erginay türk dünyasının iki böyük şairi – Nəsimi və Aşıq Veysəlin yaradıcılığındakı ideyalardan söz açıb, mədəni-mənəvi dəyərlərin təbliği baxımından Nəsimi və Aşıq Veysəl irsinin ətraflı şəkildə öyrənilməsinin vacibliyini qeyd edərək, bu mənada Azərbaycan Respublikasının İspaniyadakı Səfirliyi ilə birgə təşkil olunmuş mərasimin əhəmiyyətini xüsusi olaraq vurğulayıb. Özündən əvvəl yaşayıb-yaratmış aşıqların irsinin sonrakı nəsillərə ötürülməsində böyük rol oynamış Aşıq Veysəlin yaradıcılığında dostluq, vətən sevgisi kimi ümümbəşəri dəyərlərin əks olunduğunu, bu baxımdan da aşığın 125 illik yubileyinin 2019-cu ildə Türkiyədə, habelə Türkiyədən kənarda geniş şəkildə qeyd olunduğunu diqqətə çatdırıb.
TÜRKSOY-un nümayəndəsi Timur Davletov təmsil etdiyi təşkilat tərəfindən 2019-cu il ərzində həm İmadəddin Nəsiminin 650 illik yubileyinin, həm də Aşıq Veysəlin 125 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi ilə bağlı keçirilmiş tədbirlər barədə məlumat verib. T.Davletov Azərbaycan Respublikasının və Türkiyə Respublikasının İspaniyadakı Səfirliklərinin, Yunus Emre İnstitutunun, TÜRKSOY-un və Kral Xuan Karlos Universiteti yanında “Alisiya Alonso” Rəqs İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirin hər iki şairin yaradıcılığının təşviq edilməsi baxımından vacibliyini qeyd edib.
Azərbaycan Yazıçılar İttifaqının nümayəndəsi Sayman Aruz İmadəddin Nəsiminin dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində insan əzəmətinin və şəxsiyyətin azadlığının tərənnüm edildiyini bildirib. S.Aruz İmadəddin Nəsiminin həqiqət naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşdirildiyini qeyd edərək, sənətkarın yaradıcılığının bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına xidmət etdiyini diqqətə çatdırıb.
Yunus Emre İnstitutunun direktoru Ersin Adıgözəl, Kral Xuan Karlos Universiteti yanında “Alisiya Alonso” Rəqs İnstitutunun icraçı katibi Luis Yerena Nəsimi və Aşıq Veysəlin yaradıcılığına nəzər salaraq, onların tolerantlığın, sülhün və humanizmin təşviqinə töhfələrindən bəhs ediblər.
Daha sonra Kral Xuan Karlos Universiteti yanında “Alisiya Alonso” Rəqs İnstitutunun tələbələri ispan dilində İmadəddin Nəsiminin və Aşıq Veysəlin əsərlərindən parçalar səsləndiriblər.
Tədbirin davamında soydaşımız, aşıq Ramin Qarayevin ifasında Nəsiminin “Sığmazam” qəzəli, Türkiyəli aşıq Kamber Narın ifasında isə Aşıq Veysəlin şeirləri tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Tədbir zamanı Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş videoçarxlar, o cümlədən Azərbaycan əsilli tanınmış musiqiçi Sami Yusufun dahi Azərbaycan şairi İmadəddin Nəsiminin "Sığmazam" qəzəli əsasında musiqi kompozisiyasından və “Nəsimi” filmindən parçalar nümayiş etdirilib.
Xüsusi olaraq yaradılmış guşədə ölkəmizin mədəniyyətinin, turizm potensialının təbliği ilə bağlı müxtəlif materiallar nümayiş etdirilib, habelə dahi şairin 650 illik yubileyinə həsr olunmuş, Səfirlik tərəfindən çap etdirilmiş bukletlərin, İspaniyada dövriyyəyə buraxılmış xüsusi poçt markalarının, Heydər Əliyev Fondu tərəfindən çap etdirilmiş, İ.Nəsiminin əsərlərini özündə ehtiva edən kitabların, habelə “İRS” jurnalının ədibin həyat və yaradıcılığını əhatəli şəkildə əks etdirən buraxılışlarının təqdimatı keçirilib.