2019-12-13

Madriddə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

Dekabrın 12-də Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin təşkilatçılığı ilə Madrid şəhərində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri, ictimaiyyət üzvləri, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri və İspaniyada yaşayan soydaşlarımız iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov müasir Azərbaycanın əldə etdiyi tərəqqi və inkişafın bilavasitə həyatının böyük hissəsini öz xalqına həsr etmiş Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib.

Səfir diqqətə çatdırıb ki, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra çətin vəziyyətlə üzləşmiş, 1991-1993-cü illərdə hakimiyyətdə hökm sürən böhran ölkəni vətəndaş müharibəsi vəziyyətinə aparmış, yaranmış vəziyyətdən sui-istifadə edən Ermənistan Azərbaycanı parçalamaq, onun müstəqilliyinə təhdid yaratmağa cəhd etmişdir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və xalqımıza qarşı etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi – Dağlıq Qarabağ regionu və ətraf yeddi rayon işğal edilmiş, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Xüsusi olaraq vurğulanıb ki, 1993-cü il iyun ayının 15-də Azərbaycan xalqının təkidi ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıtmış, məhz Ulu Öndərin müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti sayəsində gənc, müstəqil respublika qaçılmaz fəlakətdən qurtulmuş, ölkənin daxili və xarici siyasətində stabillik bərqərar olunmuş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəs əldə edilmiş, ölkə yeni inkişaf dövrünə qədəm qoymuşdur. Azərbaycan xalqı Heydər Əliyev tərəfindən görülmüş işləri layiqincə qiymətləndirərək, onu xalqın Ümummilli Lideri kimi əbədiləşdirmişdir.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyi və onun yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın regionda lider ölkəyə çevrildiyi qeyd edilib.

Türkiyənin İspaniyadakı səfiri Cihad Erginay tədbirdə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sahəsində Azərbaycanda bütün sahələrdə hərtərəfli inkişafa nail olunduğunu bildirib. Səfir Heydər Əliyevin yalnız Azərbaycanın deyil, bütün türk dünyasının lideri olduğunu diqqətə çatdıraraq, Ümummilli Liderin Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və qardaşlıq əlaqələrinin qurulmasında müstəsna rolundan bəhs edib.

Ulu Öndərin "Biz bir millət, iki dövlətik" müdrik kəlamının Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirdiyini bildirən səfir C.Erginay, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Türkiyənin vahid mövqedən çıxış etməsinin, habelə iki ölkənin təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı birgə layihələrin bu qardaşlığı daha da möhkəmləndirdiyini qeyd edib.

Tədbirin davamında ispan dilində, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş “Sonsuzluğa gedən yol” sənədli filmi, habelə Ulu Öndərin fəaliyyətinin mühüm tarixi anlarını əks etdirən fotokompozisiya nümayiş etdirilib, yaradılmış xüsusi guşədə Ümummilli Liderə həsr olunmuş kitab və bukletlərin təqdimatı keçirilib. 

Film, fotosərgi və guşə tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

 

 

 

 

 

 

 

Arxiv üzrə axtarış