2020-12-09

Andorra XİN Azərbaycan ərazilərinin işğaldan azad edilməsi barədə məlumatlandırılıb

Azərbaycan Respublikasının İspaniya Krallığında, eyni zamanda Andorra Knyazlığındakı səfiri Anar Məhərrəmov Andorranın Xarici İşlər naziri Maria Ubaç Font ilə görüşüb.

Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə cari ilin 27 sentyabr tarixindən etibarən özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirmiş müzəffər Azərbaycan Ordusunun 44 gün davam edən döyüşlərdə şanlı qələbə qazanaraq, işğal altında olan torpaqlarımızı azad etdiyi qeyd olunub.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını özündə şərtləndirən Azərbaycan və Rusiyanın Prezidentləri, Ermənistanın baş naziri tərəfindən 2020-ci il 10 noyabr tarixində imzalanmış Birgə Bəyanata uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin 01.12.2020-ci il tarixinədək Azərbaycanın Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılması təmin edilib, beləliklə, bütün Azərbaycan ərazisində ölkəmizin suverenliyi bərpa olunub.

Qeyd olunub ki, Azərbaycan ərazilərini tərk edən Ermənistan qoşunları və əhalisi bu zaman vandalizm aktları həyata keçirmişlər.

Yaşayış məskənlərinin, habelə ağ fosfordan istifadə edilməklə meşələrin yandırılması, fauna və floranın məhv edilməsi ilə Ermənistanın növbəti dəfə Azərbaycana qarşı ekoloji cinayətlər törətməsi, qanunsuz arxeoloji qazıntılar apararaq aşkar olunmuş nadir nümunələrin Ermənistana daşınılması, işğal olunmuş ərazilərdə Azərbaycanın maddi-mədəni irsinin talan edilməsi barədə faktlar müqabil tərəfin diqqətinə çatdırılaraq, vandalizm əməllərini özündə əks etdirən çap materialları və fotoşəkillər əyani qaydada Andorranın Xarici İşlər nazirinə təqdim edilib.

Xüsusi olaraq vurğulanıb ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən sosial-iqtisadi infrastruktura, tarixi-mədəniyyət və dini abidələrinə, ətraf mühitə, fərdi və çoxmənzilli yaşayış evlərinə külli miqdarda vurulmuş maddi zərər beynəlxalq ekspertlər tərəfindən qiymətləndiriləcək və Ermənistanın məsuliyyətə cəlb olunaraq, Azərbaycan tərəfinə təzminatın ödənilməsinin təmin edilməsi məqsədilə beynəlxalq tribunala müraciət ediləcəkdir.

Diqqətə çatdırılıb ki, 28 ildir Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad olunması ilə regionda sülh və sabitlik bərqərar olunmuş, düşmən tərəfindən vandalizmə məruz qalmış ərazilərimiz yeni quruculuq və inkişaf dövrünə qədəm qoymuşdur.

Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi və bir sıra beynəlxalq məsələlər ətrafında müzakirələr aparılıb.

Andorranın qış turizmi sahəsində böyük təcrübəyə malik olduğunu, ölkəmizdə Şahdağ qış turizm kompleksinin qurulmasında bu ölkə ilə həyata keçirilən uğurlu əməkdaşlığı nəzərə alaraq, işğaldan azad olunmuş ərazilərimizin də zəngin turizm potensialına malik olması baxımından, bu səpkidə əlaqələrin genişləndirilməsi imkanlarının mövcud olduğu qeyd olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

 

Arxiv üzrə axtarış