2020-12-12

Madriddə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin təşkilatçılığı ilə Madrid şəhərində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Mərasimdə İspaniya ictimaiyyətinin üzvləri, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov müasir Azərbaycanın əldə etdiyi tərəqqi və inkişafın bilavasitə həyatının böyük hissəsini öz xalqına həsr etmiş Heydər Əliyevin adı ilə bilavasitə bağlı olduğunu qeyd edib.

Səfir diqqətə çatdırıb ki, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra çətin vəziyyətlə üzləşmiş, 1991-1993-cü illərdə hakimiyyətdə hökm sürən böhran ölkəni vətəndaş müharibəsi vəziyyətinə aparmış, yaranmış vəziyyətdən sui-istifadə edən Ermənistan Azərbaycanı parçalamaq, onun müstəqilliyinə təhdid yaratmağa cəhd etmişdir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və xalqımıza qarşı etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi – Dağlıq Qarabağ regionu və ətraf yeddi rayon işğal edilmiş, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Xüsusi olaraq vurğulanıb ki, 1993-cü il iyun ayının 15-də Azərbaycan xalqının təkidi ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıtmış, məhz Ulu Öndərin müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti sayəsində gənc, müstəqil respublika qaçılmaz fəlakətdən qurtulmuş, ölkənin daxili və xarici siyasətində sabitlik bərqərar olunmuş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəs əldə edilmiş, ölkə yeni inkişaf dövrünə qədəm qoymuşdur. Azərbaycan xalqı Heydər Əliyev tərəfindən görülmüş işləri layiqincə qiymətləndirərək, onu xalqın Ümummilli Lideri kimi əbədiləşdirmişdir.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyi və onun yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın regionda lider ölkəyə çevrildiyi bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Vətən Müharibəsində şanlı qələbə qazanaraq, 28 ildir Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərini, o cümlədən Azərbaycan musiqisinin beşiyi olan qədim Şuşa şəhərini işğaldan azad etmişdir.

Xüsusi olaraq qeyd edilib ki, dövlət başçısı İlham Əliyev Azərbaycan xalqına müraciətində torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi ilə Ulu Öndərin vəsiyyətinin yerinə yetirildiyini, Ümummilli Liderin ruhunun şad olduğunu bəyan etmişdir.

Türkiyənin hər zaman Azərbaycanın yanında olmasının, Azərbaycanın haqlı mübarizəsinə davamlı olaraq hərtərəfli dəstək və həmrəylik nümayiş etdirməsinin əbədi qardaşlığın təcəssümü olduğu, bütün dünya dövlətləri üçün nümunə olan Türkiyə-Azərbaycan birliyinin təkrarolunmaz və dərin tarixi bağlara söykəndiyi diqqətə çatdırılaraq, bu mənada, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ilin 10 dekabr tarixində Bakı şəhərində keçirilmiş təntənəli Zəfər paradında iştirak etməsi xüsusi qeyd olunub.

Türkiyənin İspaniyadakı Səfirliyinin müşaviri Yunus Əmre Bayrak tədbirdə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində Azərbaycanda bütün sahələrdə hərtərəfli inkişafa nail olunduğunu bildirib. Y.Ə. Bayrak Heydər Əliyevin yalnız Azərbaycanın deyil, bütün türk dünyasının lideri olduğunu diqqətə çatdıraraq, Ümummilli Liderin Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və qardaşlıq əlaqələrinin qurulmasında müstəsna rolundan bəhs edib.

Ulu Öndərin "Biz bir millət, iki dövlətik" müdrik kəlamının Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirdiyini bildirən Y.Ə.Bayrak, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Türkiyənin vahid mövqedən çıxış etməsinin, habelə iki ölkənin təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı birgə layihələrin bu qardaşlığı daha da möhkəmləndirdiyini qeyd edib.

Y.Ə.Bayrak Türk dünyasının böyük öndəri, qazi Mustafa Kamal Atatürkdən sitat gətirərək “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamını qeyd etmişdir.

Tədbirin davamında Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx, habelə Ulu Öndərin fəaliyyətinin mühüm tarixi anlarını əks etdirən fotokompozisiya nümayiş etdirilib, yaradılmış xüsusi guşədə Ümummilli Liderə həsr olunmuş kitab və bukletlərin təqdimatı keçirilib. 

Film, fotosərgi və guşə tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

 

 

 

Arxiv üzrə axtarış