İspaniyanın paytaxtı Madrid şəhərində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı “Xocalıya ədalət!” kampaniyası çərçivəsində anım mərasimi keçirilib
İspaniyanın paytaxtı Madrid şəhərində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı “Xocalıya ədalət!” kampaniyası çərçivəsində anım mərasimi keçirilib.
Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin təşkilatçılığı ilə keçirilən mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin, İspaniya ictimaiyyətinin, Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov Xocalı soyqırımı barədə iştirakçılara ətraflı məlumat verərək, bu qətliamın təcavüzkar erməni millətçilərinin əsrlər boyu xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin nəticəsi olduğunu qeyd edib.
XX əsrin ən qanlı qırğınlarından biri təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərində törədildiyini qeyd edən səfir A.Məhərrəmov, Xocalı soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın qətlə yetirildiyini, 1275 dinc sakinin əsir götürüldüyünü, 155 nəfərin itkin düşdüyünü vurğulayıb.
Xocalı soyqırımına ilk dəfə olaraq hüquqi-siyasi qiymətin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini bildirən səfir Anar Məhərrəmov, 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti tərəfindən 26 fevral tarixinin “Xocalı soyqırımı günü” kimi qəbul edildiyini diqqətə çatdırıb.
Səfir A. Məhərrəmov diqqətə çatdırıb ki, dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı ilə bağlı müvafiq hüquqi və siyasi sənədlərin qəbul edilməsinə baxmayaraq, insanlıq əleyhinə olan bu cür ağır cinayətə beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməməsi təəssüf doğurur.
Səfir A. Məhərrəmov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası barədə məlumat verərək, kampaniyanın əsas məqsədinin Xocalıda baş verən soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Xocalı qurbanlarının xatirəsinin yad edilməsi olduğunu vurğulayıb.
Qeyd olunub ki, I Qarabağ müharibəsi dövründə Azərbaycan xalqına qarşı amansız qəddarlıqlar törətmiş Ermənistan istər Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 ilə yaxın dövr ərzində, istərsə də 2020-ci il 27 sentyabr-10 noyabr tarixlərində Vətən Müharibəsi zamanı qadınlar və uşaqlar da daxil olmaqla, dinc əhalini məqsədli şəkildə hədəf almış, özünün əsl təcavüzkar simasını növbəti dəfə nümayiş etdirmişdir. Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalinin sıx məskunlaşdığı, Azərbaycanın Gəncə, Bərdə və digər şəhərlərinin ballistik raket atəşinə tutulması, bunun nəticəsində uşaqlar və qadınlar da daxil olmaqla, çox sayda mülki sakinin həyatını itirməsi, ictimai və mülki obyektlərə böyük ziyanın dəyməsi bunun bariz nümunəsidir.
Mənfur düşmən tərəfindən Azərbaycana qarşı törədilmiş hərbi təcavüz, terror aktları xalqımızın iradəsini sarsıda bilməmiş, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 gün davam etmiş Vətən Müharibəsində şanlı qələbə qazanaraq, 28 ildir Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərini, o cümlədən Azərbaycan musiqisinin beşiyi olan qədim Şuşa şəhərini işğaldan azad etmişdir.
Xüsusi olaraq vurğulanıb ki, 30 ilə yaxındır Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin azad olunması ilə regionda sülh və sabitlik bərqərar olunmuş, Ermənistan tərəfindən vandalizmə məruz qalmış Azərbaycan torpaqları yeni quruculuq və inkişaf dövrünə qədəm qoymuşdur.
Bu gün bütün şəhidlərimizin, o cümlədən Xocalı soyqırımı qurbanlarının xatirəsini böyük fəxr hissi və ehtiramla yad edirik. Məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində və qəhrəman Azərbaycan övladlarının misilsiz şücaəti və igidliyi sayəsində bu gün Azərbaycan daha parlaq gələcəyə doğru inamlı addımlarla irəliləyir.
Daha sonra çıxış edən Türkiyənin İspaniyadakı səfiri Cihad Erginay Xocalı qətliamının yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət əməli olduğunu qeyd edərək, bu cinayəti törədənlərin cəzalandırılmasının vacibliyini vurğulayıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının məfkurəyə çevrilərək iki qardaş ölkə arasında münasibətlərinin simvoluna çevrildiyini qeyd edən Cihad Erginay, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib.
Mərasimdə çıxış edən Madrid Muxtar Universitetinin professoru Anxel Rodriges Xocalı qətliamının XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu, beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarının, xüsusilə insan hüquqlarının kobudcasına pozularaq soyqırımı cinayətinin törədildiyini qeyd edib. Azərbaycan ərazilərinin işğalı zamanı vandalizm aktlarının törədilməsinə diqqəti çəkən A.Rodriges, işğaldan azad edilmiş ərazilərdə tarixi, dini, mədəni abidələrin Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə dağıdıldığını nəzərə çatdırıb.
Çıxışlardan sonra “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hazırlanmış, müxtəlif dillərdə Xocalı soyqırımı ilə bağlı faktları və çağırışları özündə əks etdirən qısametrajlı sənədli film nümayiş etdirilib.
Tədbir zamanı qonaqlar Xocalı faciəsinə həsr edilmiş müxtəlif çap və audio-vizual materiallarla tanış olublar.
Tədbirdə nümayiş olunanlar iştirakçılar tərəfindən böyük kədər hissi ilə qarşılanmış, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı soyqırımı cinayəti qətiyyətlə pislənmişdir.
Anım mərasimi zamanı Xocalı soyqırımının dəhşətlərini əks etdirən kitab, jurnal, habelə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dərc olunmuş məlumat kitabçaları, broşürlər və posterlər tədbir iştirakçıları arasında yayılıb.