Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Ramiz Həsənov etimadnaməsini İspaniya Kralı VI Felipeyə təqdim edib
Azərbaycan Respublikasının İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov İspaniya Kral Sarayında təşkil edilmiş xüsusi mərasim zamanı etimadnaməsini Kral VI Felipeyə təqdim edib.
Etimadnamə təqdim edildikdən sonra Kral VI Felipe yeni təyinatı münasibətilə səfir Ramiz Həsənovu təbrik edib. Sonra Kral VI Felipe səfir Ramiz Həsənovla söhbət edib.
Kral VI Felipe səfir Ramiz Həsənova gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edib, Azərbaycan Prezidenti İlham Əliyevi İspaniyada görməkdən şərəf duyacağını bildirib.
İspaniya Kralı, eyni zamanda, həyatını itirmiş şəhidlərimizin xatirəsini yad edərək, ispan xalqı adından başsağlığını çatdırıb, azərbaycanlı mülki əhalinin raket atəşinə məruz qalmasından dərin kədər hissi keçirdiyini qeyd edib. İspaniya Kralı münaqişənin bitməsinə baxmayaraq, yaraların hələ tam sağalmadığını, bunun üçün müəyyən zamana ehtiyacın olduğunu diqqətə çatdırıb.
Səfir Ramiz Həsənov öz növbəsində Prezident İlham Əliyevin Kral VI Felipeyə və ispan xalqına səmimi salamlarını və xoş arzularını çatdıraraq, İspaniya Kralını ona uyğun bir zamanda Azərbaycanda görməkdən şərəf duyacağımızı bildirib. Kral VI Felipe səmimi salamlarına görə dövlətimizn başçısı İlham Əliyevə dərin təşəkkürünü bildirib, onun da səmimi salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.
Səfir Ramiz Həsənov ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu məmnuniyyətlə qeyd edib, 2022-ci ilin Azərbaycan Respublikası və İspaniya Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf edəcəyini bildirib. Bu mənada, qarşıdan gələn ildə qarşılıqlı ali və yüksək səfərlərin təşkilinin ikitərəfli əlaqələri növbəti mərhələyə yüksəldəcəyi diqqətə çatdırılıb. Eyni zamanda, Avropa İttifaqının qabaqcıl ölkələrindən biri kimi İspaniyanın bölgəmizdə daha aktiv fəaliyyət göstərə biləcəyi, bunun da öz növbəsində Cənubi Qafqaz regionunda rifah və inkişafa töhfə verəcəyi qeyd olunub. Kral VI Felipe ispan şirkətlərinin ölkəmizdə neft sektorunda fəaliyyət göstərdiklərini məmnunluqla qeyd edərək, İspaniyanı təmsil edən şirkətlərin ölkəmizdə digər sahələrdə də fəaliyyət göstərmələri üçün geniş potensialın olduğunu vurğulayıb.
Diplomat ölkəmizdə iqtisadiyyatın prioritet sahələri barədə Kral VI Felipeyə məlumat verərək, digər sahələrlə yanaşı, bərpaolunan enerji, sənaye, kənd təsərrüfatı, infrastruktur, nəqliyyat, turizm sektorlarında İspaniyanın zəngin təcrübəyə malik olduğunu, bu mənada ispan şirkətlərinin müvafiq sahələrdə ölkəmizdə fəaliyyət göstərmələrinin vacibliyini qeyd edib. Azərbaycanın yeni postmünaqişə dövrünə qədəm qoyduğu, dağıdılmış və vandalizmə məruz qalmış ərazilərimizin “ağıllı şəhər” və “yaşıl zona” konsepsiyalarına uyğun olaraq yenidən qurulduğu vurğulanıb, ispan şirkətlərinin həmin ərazilərimizdə fəaliyyətə başlamalarının əhəmiyyəti diqqətə çatdırılıb. İqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin ümumi əlaqələrin daha da dərinləşməsinə təkan verəcəyi qeyd olunub. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlığın önəmindən bəhs edən səfir Ramiz Həsənov, hər iki ölkədən parlament üzvlərinin qarşılıqlı səfərlərinin təşkilinin mövcud münasibətlərin inkişaf dinamikasına əhəmiyyətli töhfə verəcəyini diqqətə çatdırıb.
Ölkəmizin regionda sülh və sabitliyə mühüm töhfə verdiyini qeyd edən Kral VI Felipe bu mənada Azərbaycan hökuməti tərəfindən həyata keçirilən yenidənqurma və bərpa siyasətini təqdir edib, ispan şirkətlərinin Azərbaycanda aktiv fəaliyyət göstərmələrinin, habelə parlamentlərarası əlaqələrin intensivləşdirilməsinin, ümumilikdə ikitərəfli əlaqələrin inkişafına əhəmiyyətli təkan verəcəyi ilə bağlı səfir Ramiz Həsənovun sözləri ilə həmfikir olduğunu qeyd edib. İspaniya Kralı, eyni zamanda, ölkələrimiz arasında mədəni əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu, bu mənada, birgə tədbirlərin keçirilməsinin vacibliyini söyləyib.
Səmimi şəraitdə keçən görüşdə, həmçinin İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq naziri Xose Manuel Albares Bueno da iştirak edib.