2022-09-23

Azərbaycan Respublikası Xarici İşlər Nazirin Ceyhun Bayramovun İspaniya Krallığına rəsmi səfər

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun İspaniya Krallığına rəsmi səfəri çərçivəsində İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq naziri Xose Manuel Albares Bueno ilə görüşünə dair məlumatı

7 sentyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov İspaniyaya rəsmi səfəri çərçivəsində İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq naziri Xose Manuel Albares Bueno tərəfindən qəbul edilib.

Nümayəndə heyətinin qatılımı ilə geniş tərkibli görüşdə nazirlər ölkələrimiz arasında bir sıra istiqamətlər üzrə, o cümlədən iqtisadiyyat, ticarət, yüksək texnologiyalar, enerji, elm-təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Bu il diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu, qarşılıqlı yüksək səviyyəli səfərlərin və siyasi səviyyədə dialoqun önəmli olduğu qeyd edilib. 

Nazir Ceyhun Bayramov həmkarına bölgədə post-münaqişə dövründə mövcud olan vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, minaların təmizlənməsi, məcburi köçkünlərin təhlükəsiz şəraitdə evlərinə geri dönmələri üçün görülən işlər, Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı addımlar barədə məlumat verib. İşğaldan azad edilmiş ərazilərdə turizm, alternativ enerji, kənd təsərrüfatı və mədən sənayesi sahəsində geniş işlər görüldüyü və İspaniya şirkətləri ilə geniş əməkdaşlıq perspektivləri olduğu bildirilib. Bununla yanaşı, Ələt Azad İqtisadi Zonasında sərmayə qoyuluşlarının ikitərəfli münasibətlərə töhfə verəcəyi diqqətə çatdırılıb.

Nazir Xose Manuel Albares Bueno İspaniya şirkətlərinin Azərbaycanda sərmayə qoyuluşunda maraqlı olduqlarını, turizm, ticarət və iqtisadiyyat sahəsində geniş əməkdaşlıq perspektivlərinin mövcudluğunu vurğulayıb. Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığı, enerji və tranzit sahəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb, İspaniyanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını dəstəklədiyi, növbəti ildən təşkilata sədrlikləri dövründə bu prosesdə daha yaxından iştirak edəcəkləri qeyd edilib. 18 iyul tarixində Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula fon der Leyen arasında imzalanmış anlaşma memorandumunun İspaniya üçün yeni əməkdaşlıq perspektivləri açdığı da İspaniya naziri tərəfindən vurğulanıb. Cənub Qaz Dəhlizində İspaniyanın Enagas şirkətinin 16% paya sahib olmasından məmnunluq ifadə olunub. Nazir Albares Bueno Avropa İttifaqının bölgədə vasitəçilik səylərinə dəstək verdiklərini, Azərbaycanla Ermənistan arasında sülhün təmin olunması istiqamətində töhfə verməyə hazır olduqlarını qeyd edib.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar və çoxtərəfli formatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüş çərçivəsində nazirlər ADA Universiteti və İspaniya ​​​​Krallığının Xarici İşlər, Avropa İttifaqı və ​​​​Əməkdaşlıq Nazirliyinin Diplomatik Məktəbi ​​​​arasında Memorandum imzalayıb. Bu sənədin ölkələrimizin diplomatik akademiyaları arasında münasibətlərin inkişafı, təhsil sahəsində mübadilələrin artmasına töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüşdən sonra, xarici işlər nazirləri mətbuat brifinqində görüşün nəticələrinə dair bəyanatla çıxış ediblər.

 

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun İspaniyaya rəsmi səfəri çərçivəsində Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə görüşünə dair məlumatı

7 sentyabr 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov İspaniyaya rəsmi səfəri çərçivəsində Ümumdünya Turizm Təşkilatının (ÜTT) Baş katibi Zurab Pololikaşvili ilə görüşüb.

Nazir Ceyhun Bayramov Azərbaycanın turizm sahəsinin inkişafına böyük əhəmiyyət verdiyini və bu xüsusda ÜTT ilə əməkdaşlıq əlaqələrinin önəmli olduğunu bildirib. Nazir Ceyhun Bayramov, son illər ərzində ölkəmizdə turizm üzrə infrastrukturun inkişafı istiqamətində genişmiqyaslı işlərin görüldüyünü qeyd edib. Azərbaycanın ölkə və regional səviyyədə turizm sahəsində təhsil və təlim imkanlarının artırılmasında maraqlı olduğu Baş katibin diqqətinə çatdırılıb. Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfə ölkəmizin işğaldan azad olunmuş ərazilərdə turizm sahəsində imkanlar barədə məlumat verib.

ÜTT Baş katibi Zurab Pololikaşvili Azərbaycanda, habelə regionda turizmin inkişafı potensialının yüksək olduğunu və ölkəmizlə birgə layihələrin həyata keçirilməsinə və tədbirlərin təşkilinə hazır olduqlarını bildirib. Bu xüsusda, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və aidiyyəti qurumlarla birlikdə təhsil və innovasiya sahələrində proqramların həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə, həmçinin Azərbaycanın ÜTT-nin qərarverici orqanlarında təmsilçiliyi, birgə tədbirlərin və konfransların təşkili məsələləri, beynəlxalq təşkilatlarda turizm sahəsində təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun İspaniyaya rəsmi səfəri çərçivəsində İspaniya Krallığının Sənaye, Ticarət və Turizm naziri Maria Reyes Maroto ilə görüşünə dair məlumatı

7 sentyabr 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov İspaniyaya rəsmi səfəri çərçivəsində İspaniya Krallığının Sənaye, Ticarət və Turizm naziri Maria Reyes Maroto ilə görüşüb.

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında ticarət, energetika və turizm sahəsində əməkdaşlıq perspektivlərinin daha da artdığını qeyd edib. Azərbaycanda həyata keçirilən enerji layihələri və həmin layihələrdə İspaniya biznes dairələrinin iştirak etməsi imkanları barədə danışan nazir bunun ikitərəfli əlaqələrin inkişafı baxımından önəmli olacağını vurğulayıb. Ölkələrimiz arasında əməkdaşlıq üçün turizmin böyük əhəmiyyətə malik olduğu xüsusilə qeyd edilib. Post-münaqişə dövründə sülh quruculuğu tədbirləri, Azərbaycanın həyata keçirdiyi yenidənqurma işləri barədə məlumat verən nazir, işğaldan azad edilmiş ərazilərdə mədən sənayesi, kənd təsərrüfatı, turizm və alternativ enerji resurslarının inkişaf etdirilməsi üzrə geniş əməkdaşlıq imkanlarının olduğunu bildirib.

Nazir Maria Reyes Maroto Azərbaycan xarici işlər nazirinin səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycanın onlar üçün böyük maraq kəsb edən ölkə olduğunu qeyd edib, xüsusilə iqtisadiyyat, ticarət və turizm sahəsində əməkdaşlıqda maraqlı olduqları bildirilib. İspaniya tərəfi Azərbaycanın mühüm ticarət tərəfdaşı olduğunu, qarşılıqlı sərmayələrin əhəmiyyət daşıdığını diqqətə çatdırıb. İqtisadi münasibətlərin şaxələndirilməsində, post-pandemiya dövründə əməkdaşlıqda, müharibədən sonra bölgəyə sərmayələrin qoyuluşunda maraqlı olduqlarını qeyd edib. İspaniyanın mülki quruculuq, tikinti və alternativ enerji resurslarının inkişaf etdirilməsi sahəsində geniş imkanlara malik olduğu və bu sahədə Ələt Azad İqtisadi Zonası da daxil olmaqla, Azərbaycanla əməkdaşlıq perspektivlərini müzakirə etməyə hazır olduqlarını vurğulayıb.

Daha sonra, elm və təhsil sahəsində mübadilələri, təhsil institutları və universitetlər arasında əməkdaşlıq məsələləri ətrafında, habelə digər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun İspaniya Krallığının Senatının sədri Ander Xil Qarsiya ilə görüşünə dair məlumatı

8 sentyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov İspaniyaya rəsmi səfəri çərçivəsində İspaniya Krallığının Senatının sədri Ander Xil Qarsiya ilə görüşüb.

Nazir Ceyhun Bayramov son 30 il ərzində Azərbaycan-İspaniya diplomatik münasibətlərinin dostluq və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında qurulduğunu, iqtisadiyyat, ticarət, energetika, humanitar, təhsil, turizm və yüksək texnologiyalar sahəsində geniş əməkdaşlıq perspektivləri olduğunu vurğulayıb. Parlamentlərarası münasibətlərin ikitərəfli əlaqələrə böyük töhfə verəcəyi diqqətə çatdırılıb. Nazir post-münaqişə dövründə bölgədə sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına dair Azərbaycanın baxışları və addımları, ölkəmiz tərəfindən aparılan bərpa və yenidənqurma işləri, nəqliyyat-kommunikasiya xətlərinin bərpası barədə məlumat verib. 

Senatın sədri Ander Xil Qarsiya xarici işlər nazirinin səfərinin, diplomatik akademiyalar arasında memorandumun imzalanmasının ikitərəfli münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını bildirib. Səfər zamanı keçirilmiş ikitərəfli görüşlərin siyasi, iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün önəmli olduğu qeyd edilib. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində əməkdaşlıq üzrə razılaşmanın icrasına İspaniyanın da alternativ enerji resurslarının inkişaf etdirilməsi baxımından töhfə vermək imkanlarının olduğu diqqətə çatdırılıb. 

Görüş zamanı, Azərbaycan Milli Məclisinin Sədrinin 2021-ci ildə Madridə səfəri xatırlanıb və Qoşulmama Hərəkatının patlament şəbəkəsinin yaradılması qərarının məhz Madriddə verildiyi bildirilib. 

Daha sonra ikitərəfli gündəlikdə duran məsələlər, regional vəziyyət barədə fikir mübadiləsi aparılıb.

 

 

Arxiv üzrə axtarış